Türk mütəxəssis evdə karantinin 15 “qızıl” qaydasını açıqlayıb
Koronavirus “ailə xəstəliyi” şəklini alıb. Ailədə bir nəfərin yoluxması ailənin digər üzvlərinin də yoluxma riskini artırır. Mütəxəssislərin qənaəti budur ki, eyni mənzildə, ümumi ortamda yaşayan insanlar arasında bir nəfərin yoluxması digər fərdlərin də yoluxmasına yol açır. Lakin “COVİD-19” pandemiyası davam etdiyi müddətdə fərqli hallara da şahid oluruq.
Ailədə bir nəfərdə koronavirus testinin nəticəsi müsbət çıxır, ailənin digər üzvündə isə pozitiv. Hətta həyat yoldaşları arasında da koronavirusa yoluxmayanlar olur. Bu, orqanizmin müqavimət qabiliyyətindən də asılıdır. Bu da məlumdur ki, xəstəliyi ev şəraitində keçirənlərin sayı son zamanlar artıb. Mütəxəssislər karantin müddətini ev şəraitində keçirən xəstələrə həyəcana qapılmadan önləm almalarını tövsiyə edirlər. Türkiyədə mikrobiologiya üzrə mütəxəssis İpək Ada Alver ev şəraitində karantin müddətində nələrə diqqət edilməli olduğunu anladıb. Evdə karantinin 15 “qızıl” qaydası:
1. Test cavabı müsbət çıxmış doğmanıza karantin qaydalarına əməl etməkdə dəstək olun, onu buna təşviq edin.
2. COVİD-19 xəstəsini zəruri ehtiyac duyacağı əşyalar, dərmanlar, təmiz yataq dəstləri ilə birlikdə yataq yeri olan ayrıca bir otaqda izolyasiya edin.
3. Yeməyi birdəfəlik plastik qablarda verin, fincan, stəkan, bıçaq, qaşıq kimi əşyaları məcməyidə otağın qapısı önünə qoyun və istifadə edildikdən sonra onları isti su ilə yaxşıca yuyun. Qaşıq, cəngəl, stəkanlar da birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik əşyalar ola bilər.
4. Otağın havası tez-tez dəyişməlidir. Oksigenin otağa mümkün qədər çox daxil olmasını təmin edin.
5. Xəstə otaqda təkdirsə, tibbi maskadan istifadəyə gərək yoxdur. Amma otağa daxil olsanız, ailə üzvünə 4 addımdan artıq yaxınlaşmayın, təmas yaratmayın və ikiqat maskadan istifadə edin.
6. Otaqdakı adamla təmas az olsun deyə, onunla mobil telefon vasitəsilə əlaqə saxlayın. Vəziyyətini tez-tez öyrənin. Onu ruhlandırın. Bütün xəstəliklərdə olduğu kimi koronavirus xəstəliyində də mənəvi dəstək çox önəmlidir.
7. COVİD-19 xəstəsinin spirtli içki və siqaretdən uzaq durmasını təmin edin.
8. Xəstə qapı, pəncərə dəstəklərini əlcəklə tutmalıdır.
9. İzolyasiya olunmuş xəstə tualet və hamamdan hər dəfə istifadə etdikdən sonra orda yuyucu, dezinfeksiyaedici vasitələrlə təmizlik aparın, birdəfəlik dəsmallardan istifadə edin. Bundan əlavə həftədə ən azı iki dəfə mənzili dezinfeksiyaedici maddələr qatılmış su ilə, ya da sirkə qarışıqlı su ilə təmizləyib havalandırın.
10. Ailənin xəstə üzvünün geyim əşyalarını ailənin digər üzvlərinin əşyalarına qarışdırmayın, paltarları bir yerdə yumayın.
11. Xəstənin istifadəsində olub zibil yeşiyinə atılacaq əşyaları da ayrıca selofan paketin içinə toplayın və o şəkildə atın. Zibilləri evdə saxlamayın, hər gün evdən çıxarmağa çalışın.
12. Xəstə bol su, maye qəbul etməli, karantin müddətində vitamin qəbuluna diqqət etməlidir. Zəncəfil, bal, arı südü, polen, propolis, probiotik, bəhməz, mövsüm meyvələri, bitki çayları, soğan, sarımsaq, toyuq bulyonu, qırmızı kələm, hər cür pencər, tərəvəz kimi immuniteti gücləndirən qidaları qəbul etməsinə çalışın.
13. Əgər xəstənin qoxubilmə qabiliyyəti itibsə, otağa ətirli bitkilər və ya ətri olan digər əşyalar qoyub qoxubilmə qabiliyyətinin nə zaman bərpa olunduğuna nəzarət edin.
14. Xəstəyə xüsusi olaraq tənəffüs yollarını fəallaşdırmaq üçün nəzərdə tutulan fiziki hərəkətlər etdirin.
15. Bütün ailə üzvləri əllərini karantin qaydalarında nəzərdə tutulan şəkildə ən azı 30 saniyə ərzində sabun və normal hərarətli su ilə yumalıdır.