"Yoluxucu xəstəliklərdən qorunmaq üçün iki yol var. Bunlardan biri təcriddir, digəri isə vaksindir"
"Nəzər yetirdikdə aparıcı ölkələrdə məsələn, İsraildə bütün məhdudiyyətlər peyvəndə görə götürüldü. Bundan başqa Almaniya, Fransa, ABŞ kimi dünyanın aparıcı gücləri peyvəndə çox böyük önəm verirlər"
Dünyada kütləvi vaksinasiyanın aktivləşdiyi vaxtda bir çox epidemioloq, alim və professorlar bu prosesin səhv olduğu və gələcəkdə insanlıq üçün fəlakətlə nəticələnəcəyi barədə açıqlamalarında israrlıdır. Professor, vaksinoloq Gert Vanden Dünya Səhiyyə Təşkilatını və viruslar üzrə ekspertləri kütləvi vaksinləşmənin mənfi təsirlərini müzakirə etmək üçün "dəyirmi masa" ətrafında əyləşməyə çağırıb. Bu müzakirələr olmayana qədər dünyada "Kovid 19" peyvəndlənməsi dayandırılmalıdır.
Professor əmindir ki, bu masştabda peyvənd cəmiyyətin sağlamlığı üçün təhlükədir. Hazırkı vaksinasiya tayı-bərabəri olmayan qlobal fəlakətə gətirib çıxaracaq. O, “Nəyə görə pandemiya şəraitində kütləvi vaksinləşmə qarşısıalınmaz bədheybət yaradacaq?” elmi işində yazır ki, bu təhlükənin kifayət qədər sübutları var, lakin pandemiyanı idarə edənləri bunlar cəlb etmir və ya bunda maraqlı deyillər”. İstənilən pandemiyadan insan immuniteti qalib çıxmalıdır. İmmunitet virusu tanımalı, ona qarşı antiteli yaranmalıdır. Lakin peyvəndlər immuniteti tənbəlləşdirir, onu zəiflədir, mikrob və bakteriyalara isə üstünlük verir. Bu da gələcəkdə güclü xəstəliklərin alovlanmasına səbəb olacaq.
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən pediatr Vaqif Qarayev deyib ki, o, bu fikirlərlə razılaşmır. Həkim diqqətə çatdırıb ki, ümumiyyətlə, hər zaman elmi faktlara əsaslanmaq mütləqdir:
"Bilirsiniz ki, yoluxucu xəstəliklərdən qorunmaq üçün iki yol var. Bunlardan biri təcriddir, digəri isə vaksindir. Yəni bu, təbabətin qanunudur. Bu bir faktdır ki, biz vaksinlər sayəsində bir çox qorxulu xəstəliklərin qarşısını almışıq. Məsələn, uşaqlar arasında geniş yayılmış göy öskürək, qızılca və s. kimi xəstəliklərin qarşısı məhz vaksin sayəsində alınıb. Yəni elmi fakt odur ki, yoluxucu xəstəliklərin yayılmasının vaksinlərlə və təcridlə alınıb".
V.Qarayev qeyd edib ki, ümumiyyətlə, dünyada vaksin əleyhinə böyük kampaniyalar var:
"Xüsusilə, vaksinlərin uşaqlar arasında guya əlillik, autizm yaratdığı barədə tez-tez fikirlər yayılır. Lakin bunların heç biri rəsmi elmi təsdiqini tapmayıb. Amma bir məsələ var ki, insanlar xoşagəlməyən fikirlərə daha tez inanır. Faydalı məlumatlara isə qulaq asmırlar, oxumurlar və inanmırlar. Buna görə də bu günləri Azərbaycanda uşaqların vaksinasiya ilə bağlı böyük anti-vaksinasiya ordusu yaranıb. Bilirsiniz ki, koronavirusa görə özünü təcrid tədbirləri həyata keçirildi. Fikir verirsinizsə, bu günləri uşaqlar arasında yoluxucu xəstəliklərin sayında azalmalar var. Bunlar təcrid önə keçdiyinə görədir. Qeyd edim ki, koronavirus başlayandan, yəni 2020-nin yanvarından bu günə qədər bir-birini təkzib eləyən müxtəlif xəbərlər paylaşılır. Ümumiyyətlə, koronavirusun müalicəsi, vaksinasiya ilə bağlı dünyada çox neqativ fikirlər var. Amma nəzər yetirdikdə aparıcı ölkələrdə məsələn, İsraildə bütün məhdudiyyətlər peyvəndə görə götürüldü. Bundan başqa Almaniya, Fransa, ABŞ kimi dünyanın aparıcı gücləri peyvəndə çox böyük önəm verirlər. Biz də isə ümumiyyətlə, elmə, alimə, səhiyyəyə inam sıfırdan da aşağıdır. Nə desək də, inanmırlar onsuz da. Bu günləri dünyada koronavirusa qarşı 4-5 peyvənd növü var. Onların hər birinin saxlanma şəraiti, daşınması, həm də tərkibi müxtəlifdir. Elə peyvəndlər var ki, xüsusi temperatur rejimində saxlanılmalıdır. Bunu etməyə isə hər ölkənin imkanı yoxdur. Fakt budur ki, bu günləri dövlətimiz insanların vaksin olunması üçün əlindən gələni edir. Hətta bir neçə gün bundan öncə Dünya Səhiyyə Təşkilatı Azərbaycanda istifadə olunan Sinovac vaksinini rəsmi tanıdı. Son vaxtlar yoluxma saylarında azalmalar var. Hesab edirəm ki, bunda peyvəndin əhəmiyyətini istisna deyil. Ona görə də vaksinlə bağlı səsləndirilən bu neqativ fikirlərlə razı deyiləm".