"Peyvəndlənmə immunitetin yaranmasını əks etdirən və ya sübut edən yeganə və əsas göstərici deyildir"
“Ən ağır virus infeksiyasının davam etmə müddəti ilin xronoloji fəsli növbələşməsinə görə, 12 aydan artıq ola bilməz. Əks halda bu, təbabət və mövcudiyyət qanunlarına ziddir".
Bu fikirləri "Şərq"ə açıqlamasında tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Həkim vurğulayıb ki, antik dövrdən günümüzə qədər tarixin yaddaşında qalan 60 epidemiya və 5 pandemiyanın davam etmə müddəti iki il göstərilir:
"Lakin bu müddət infeksiyanın başlaması və tam sönməsi tarixidir. Yəni potensial yoluxduruculuq qabiliyyətinin davam etmə müddəti deyildir. Odur ki, "Covid-19" artıq əbədiyyətə qovuşur. Buna inanın. Onun dəfn tarixi, 30 dekabr 2021-ci il, yəni ilk dəfə bu infeksiya haqqında verilən məlumatın ikinci ilinin tamam olduğu gündür".
M.Qəniyev hazırda insanları peyvəndləmə ilə bağlı ən çox narahat edən bəzi gizlinlərə də aydınlıq gətirib: "Müxtəlif teleməkanlara yol tapan qeyri-mütəxəssislərin, xüsusən tiblə heç bir bağlılığı olmayan insanların məsləhət və tövsiyələrinə sadəcə olaraq, qulaq asmayın. Vaksinasiya ilə idarə olunan əksər infeksiyalara münasibətdə belə bir qanunauyğunluq mövcuddur: bu infeksiyalara yoluxaraq sağalmış insanlarda əmələ gələn təbii immunitet daha dözümlü, spesifik və fəaldır. Orqanizmdə onlar daha uzunmüddətə saxlanılır, nəinki peyvəndləmədən sonra yaranan immunitet. Bir sıra tədqiqatçılar bu antitellərin identik olduğunu, hətta peyvəndləmədə yaranan immunitetin daha güclü və dözümlü olduğunu söyləsələr də, əslində bu söyləntilər “İri Konsern” maraqlarına xidmət etməklə, yalnız təbliğat məqsədi daşıyır. Çünki bunun "Covid-19"a aidiyyətini təsdiq edəcək, heç bir elmi məlumat yoxdur. Digər mübahisəli və insanları narahat edən məsələ, yaranan antitellərin titridir. Bildirmək istəyirəm ki, antitellərin titri (onun az və ya çox olması), "Covid-19"a qarşı immunitetin yaranmasını əks etdirən və ya sübut edən yeganə və əsas göstərici deyildir. Çünki əksər infeksiyalardan sonra məlum serotipə qarşı “immunoloji yaddaş effekti” yaranır. Başqa sözlə, ilk xəstələnmədən sonra əmələ gələn qoruyucu antitellərin titri azalsa, hətta sıfırlansa belə, orqanizm analoji virus ştammı ilə təkrarən qarşılaşırsa, o zaman çox sürətlə qoruyucu antitellər sintez etməklə virusa qarşı güclü “müdafiə effekti” yaradır".
Tibb elmləri doktoru əlavə edib ki, bu, aşağıdakı mexanizmlə baş verir:
"Əvvəla, xəstəlik və ya peyvənddən sonra əmələ gələn qoruyucu, yəni virusu-neytrallaşdıran antitellər iki həftədən sonra azalmağa başlayır. Lakin qanda təqribən 8-10 aya yaxın bir müddətə qədər saxlanılır. Odur ki, bu antitellərin titrinin azalması, hətta tamamilə itməsi halında belə, narahatlığa heç bir əsas yoxdur. Digər tərəfdən, istər xəstələndikdən, istərsə də peyvənd aldıqdan sonra, bəzi şəxslərdə hətta antitellər əmələ gəlməyə bilər. Burada da qeyri-adi bir şey yoxdur və insanlar qorxub stressə düşməməlidir ki, məndə qoruyucu antitellər yoxdur və mən “təkrar xəstələnə bilərəm”. Çünki qoruyucu antitellərin həmin şəxslərdə əmələ gəlməməsi bəzi insanlarda yalnız genetik faktorla bağlı irsi bir haldır, yəni “peyvəndə qarşı inertliklə” əlaqədardır. Bu cür insanları hətta obrazlı şəkildə “genom quruluşu tərkib paklığını qoruyan - xoşbəxt insanlar” adlandırırlar. Belə ki, çox məhdud sayda olan belə insanların immun sistemi fərdi spesifiklikliyə malik olduğundan nəinki, peyvənddən, hətta "Covid-19"un ağır klinik formasını keçirib sağaldıqdan sonra belə, onlarda antitellər yaransa da, saxlanılmır. Buna baxmayaraq, həmin şəxslər də bu infeksiyaya qarşı qoruyuculuq qazanırlar".