Bir çox pediatrlar körpə qidaları satışı ilə məşğul olan firmalarla əlaqəyə girirlər və onların məhsullarını valideynlərə təklif edirlər
Körpələri qorumaq, onları sağlam olaraq cəmiyyət üçün yetişdirmək öz gələcəyimizin etibarlı əllərdə olmasına təminat vermək deməkdir. Körpələrin sağlam böyüməsi üçün isə onların keyfiyyətli qidalanması şərtdir. Son zamanlar isə azyaşlıların sağlamlığını təhdid edən nəsnələr çoxalıb. Məsələn, uşaq yeməkləri alarkən ya vaxtı keçmiş olur, ya da ki, həmin qidanın əvəzləyicisini verirlər. Təbii ki, bu da uşaq sağlamlığı üçün çox təhlükəlidir. Bəs uşaq qidaları alarkən təhlükəsizlik məsələlərində xüsusi olaraq nələrə diqqət edilməlidir?
Suallarımızı cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Şərq"ə açıqlamasında bildirib ki, öncə uşaq yeməkləri alarkən market, aptek və s. sanitar-gigiyenik normalara necə riayət etdiyinə baxmaq lazımdır:
"Yəni təmizlik, səliqə-səhman, malların düzgün düzülüşü, içəridə olan havalandırma və ən əsası nəmişliyin olmamasına fikir verilməlidir. Daha sonra aldığınız uşaq yeməyinin qabının əzik, qapağı zədələnmiş olmamasına, üzərində olan yazıların tam aydın oxunaqlı vəziyyətdə olmasına mütləq diqqət etmək lazımdır. Əgər alıcı bu kimi hallarla qarşılaşarsa, həmin malı almamaq lazımdır. Digər bir tərəfdən isə uşaq yeməyinin üzərində olması vacib olan məlumatların olmasına diqqət etmək lazımdır. Bunlar məhsulun istehsal tarixi, istehsalçı şirkətin adı və ünvanı, mənşəyi, enerji dəyəri, kimyəvi tərkibi, saxlama şəraiti, yararlılıq müddəti və məhsulun hazırlanmasında uyğunluq dərəcəsinin beynəlxalq sertifikatlaşdırma tələbinə əsasən hazırlanması qeydlərinin olmasına diqqət etmək lazımdır. Təbii ki, valideynlər uşağın yaxşılığını istər, sağlam böyüməsini istər və uşaq böyüyənə kimi uşaq həkimi ilə məsləhət edər. Ancaq uşaq həkimləri valideynə kömək etdiyi kimi gərək düzgün yol da göstərsin. Süni uşaq qidalarının zərərlərini desin, təbii qidaların əvəzolunmaz olduğunu izah etsin. Təəssüflər olsun ki, bir çox pediatrlar körpə qidaları satışı ilə məşğul olan firmalarla əlaqəyə girirlər və onların məhsullarını valideynlərə təklif edirlər. Pediatrlar bu məsələyə daha həssas yanaşmalıdırlar".
Ekspert əlavə edib ki, digər məsələ isə uşaq qidasının saxlanılma şəraitinə düzgün qaydada riayət edilməsidir:
"Bir çox valideyn bunu bilmir, yaxud məlumatsızdır. Təbii ki, digər qida məhsulları kimi uşaq yeməklərini də bir çoxumuz mətbəxdə saxlayırıq. Ancaq onu qeyd edim ki, evdə bəlkə də ən isti yer mətbəx olur. Gün ərzində bişirilən yeməklərdən və hazırlanan şirniyyatlardan qaz peçinin necə istilik verdiyini yaxşı bilirik. Onu da bilməyimiz gərəkdir ki, uşaq yeməklərini saxlamağımız üçün temperatur 25 dərəcədən çox olmalı deyil. Ən əsası isə nəmişlik otaqda uşaq yeməyini, ümumiyyətlə saxlamaq olmaz. Uşaq yeməyi düzgün saxlama normalarına riayət olunmazsa, kiflənmə, mikroorqanizmlərin təsiri ilə məhsulun tərkibinin dəyişməsinə səbəb olar. Bunu isə uşağa qəti vermək olmaz. Uşaqlar üçün qazlı suları isə marketdə ancaq rəflərdən almaq lazımdır. Çöldə açıq havada günün altında saxlanan içkilərdən istifadə etmək yolverilməzdir".