“Əsasən də rayonlarda yaşayan pasiyentlərin laqeydliyinin şahidi oluram”
“Şəhərdə yaşayan xəstələr rayon əhalisinə nisbətən daha məsuliyyətli olmağa çalışırlar, ən azından deyilənlərə əməl edirlər”
“Səhlənkarlığı isə əksəriyyət imkansızlıq və vaxt azlığı ilə əlaqələndirir”
Dünən səhər saatlarında Bərdə Doğum Evində ana ölümü baş verib. Doğuşla bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən 1991-ci il təvəllüdlü rayon sakini Hüseynova Nahidə Hüseyn qızı orada həyatını itirib. Hələlik ölümün dəqiq səbəbi məlum deyil.
Doğuiş zamanı baş verən ana ölümlərinin səbəbləri barədə “Sherg.az”a danışan həkim-ginekoloq Fəxranə Hüseynzadə bildirib ki, hazırda savadlı tibb işçiləri çoxluq təşkil edir:
“Əvvəlki vaxtlara nisbətən indi həkimlər biliklərini təkmilləşdirirlər. Ana ölümü keçmiş zamanlardan bizə tanışdır. Düşünmürəm ki, hadisə həkim səhlənkarlığı səbəbindən baş verib. İndi xəstəxanalarda hər cür şərait var. Təcili tibbi yardım maşınları, əməliyyatxanalar, anestezioloqlar və s. insanlara xidmət edir. Əvvəlki dövlər olsa idi, deyərdim ki, bu, şəraitsizlikdən, həkimlərin savadsızlığından yaşanıb. Amma artıq tez-tez təşkil edilən konfranslarda həkimlərin sahə üzrə məlumatları çoxalır. Hər 5 ildən bir sertifikasiya keçirilir. Səhiyyə Nazirliyinin tərtib etdiyi protokollara uyğun olaraq həkimlər orada doğuş prosesi necə keçirilməli, hamiləlik hansı tərzdə davam etməlidir kimi suallara cavab taparaq maariflənirlər”.
Həkim-ginekoloq vurğulayıb ki, ana ölümlərinin artmasına səbəb pasiyent məsuliyyətsizliyidir:
“Əsasən də rayonlarda yaşayan pasiyentlərin laqeydliyinin şahidi oluram. Şəhərdə yaşayan xəstələr rayon əhalisinə nisbətən daha məsuliyyətli olmağa çalışırlar, ən azından deyilənlərə əməl edirlər. Səhlənkarlığı isə əksəriyyət imkansızlıq və vaxt azlığı ilə əlaqələndirir. Doğuş və keysəriyyə əməliyyatı zamanı həkimdən asılı olmayan səbəblərdən hər şey ola bilər”.
F.Hüseynzadə həmçinin əlavə edib ki, həkim pasiyenti axtarmamalıdır:
“Çünki bu, onların orqanizmidir. Bəzən növbəti müayinəyə gəlməyi unutduğunu deyən insanlarla qarşılaşıram. Bu da məsuliyyətsizlikdən doğan başqa bir səbəbdir. Heç bir həkim pasiyentində problem olmasını istəməz. Savadı kifayət qədər olmayan həkim belə tərəddüdlü məsələlərdə digər həmkarları ilə komissiya təşkil edə, məsləhətləşə bilir. İndiki məqamda inkişaf etmiş ölkələrdə bu tip ölüm sayı azalıb. Demək olar ki, mində bir insanda, çox zaman yanaşı xəstəlik olduğu halda müşahidə olunur”.
Sücayət Mehti