Bəzi sahibkarlara ÇAĞIRIŞ:“Sağlam qida istehsalı ilə məşğul olun” - 

“Bəzi müəssisə rəhbərləri sanitar-epidemioloji qaydalara əməl olunmadan hazırlanan məhsullardan özlərinin ailə üzvləri və qohumlarının da istifadə edə biləcəyini anlamırlar”

“Nə qədər sintetik məhsullarla qidalansaq, gələcəyimiz bir o qədər məhvə doğru istiqamətlənəcək”


Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozunda fəaliyyət göstərən fiziki şəxs Axundzadə Rasim Elmar oğluna məxsus quş əti emalı müəssisəsində yoxlama keçirilib. Araşdırma zamanı qida təhlükəsizliyi sahəsində sanitar-epidemioloji qaydalara və normativlərə əməl olunmadığı müəyyən olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata əsasən, mexaniki üsulla hazırlanan toyuq farşının istehsalında “Omega” əmtəə nişanlı rəngləndirici xüsusiyyətə malik qida əlavəsindən (E124) istifadə edilib. Bundan başqa, məhsulların etiket məlumatlarında, qablaşdırılmasında və markalanmasında bir sıra nöqsanlar aşkarlanıb.

Həmçinin müəssisədə mexaniki avadanlıqların yuyulması prosesinin düzgün aparılmadığı və lazımi yuyucu-dezinfeksiyaedici vasitələrdən istifadə edilmədiyi məlum olub.

Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Ümumi çəkisi 375 kiloqram toyuq farşı dövriyyədən çıxarılıb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam edir.

Məsələyə münasibət bildirən Qida təhlükəsizliyi üzrə ekspert  Elsevər Fərzəliyev “Sherg.az”a açıqlamasında bildirib ki, bəzi müəssisə rəhbərləri sanitar-epidemioloji qaydalara əməl olunmadan hazırlanan məhsullardan özlərinin ailə üzvləri və qohumlarının da istifadə edə biləcəyini anlamırlar:

“Belə halların yaşanmasını yolverilməz hesab edirəm. Azərbaycanın gələcəyini qorumaq üçün bu əməllərdən əl çəkməyə dəvət edirəm. Dövriyyədəki qida əlavələri normativ texniki səbəblərdə göstərilən miqdardan artıq istifadə oluna bilməz. Bunu müəssisə sahibləri də, işçilər də bilirlər”. 

Ekspert məsələyə öz prizmasından yanaşaraq vurğulayıb ki, analoji qanunsuzluqları cinayət halı kimi dəyərləndirir:

“Təklif edirəm ki, məsələ araşdırılsın. Günahkarlar məsuliyyətə cəlb olunsun, ən azından cərimə tətbiq edilsin. Yəqin ki, bu hal çərçivəsində addım atmaq istəyən növbəti şəxslər cəzalandırmalardan sonra çirkin planlarından çəkinərlər”.

E.Fərzəliyev diqqətə çatdırıb ki, sağlam qida məhsullarının istehsalının genişləndirilməsi ən vacib məsələlərdən biridir:

“İnsan orqanizminin inkişafı qəbul etdiyi qidalardan asılıdır. Nə qədər sintetik məhsullarla qidalansaq, gələcəyimiz bir o qədər məhvə doğru istiqamətlənəcək. Azərbaycan gəncliyini sağlam təfəkkürdə yetişdirmək üçün bu əməllərdən əl çəkmək, sağlam qida istehsalı ilə məşğul olmaq lazımdır”.