Koronavirusdan sağalan jurnalistdən sərt tənqid:"TƏBİB-dən dərdə dərman olmaz"

"Dövlətin koronavirusla bağlı ayırdığı pulun içində mənim müalicə xərcim niyə tapılmadı?"
 
"Dərmanlar niyə göndərilmədi? Nə üçün mən cibimdən 2 min manatdan çox pul xərcləməli və borca düşməli idim?" 


"COVİD-ə yoluxmuşdum. 20 gündən çoxdur ki, ailəvi müalicə olunurduq. Dostlar nə üçün sosial şəbəkədə olmadığımı soruşur, nigarançılıqlarını bildirirdilər.  Şükür Allaha, sağala bildim. Çox axmaq, alçaq və məkrli virusdur. Səni hardan “vuracağını” bilə bilmirsən. 
Sizə deyim ki, dövlətin dərman yardımı ilə bağlı TƏBİB-in bəh-bəhlə dediklərini görmədim".
"Sherg,az" xəbər verir ki, bu barədə tanınmış jurnalist Xaqani Səfəroğlu öz Feysbuk hesabında yazıb. O qeyd edib ki, yoluxmanın 2 günü sahə həkiminin, TƏBİB-in bununla bağlı addımlarını gözləyib, lakin heç birindən səs çıxmayıb:
"Nə dərman göndərdilər, nə halımı soruşan oldu. 2-cü günü qızdırmadan məni qara basanda başa düşdüm ki, bir az da belə getsə vəziyyət fəna ola bilər. TƏBİB-dən dərdə dərman olmaz.
Dostumun sayəsində həkim tapdım. Resept üzrə müalicəyə başladıq. Deyim sizə ki, xeyli də pul xərcləməli, dost-qardaşdan borc almalı oldum. İndi mən sual edirəm: Dövlətin koronavirusla bağlı ayırdığı pulun içində mənim müalicə xərcim niyə tapılmadı? Dərmanlar niyə göndərilmədi? Nə üçün mən cibimdən 2 min manatdan çox pul xərcləməli və borca düşməli idim? Korona dünyaya və həyata baxışları da dəyişə bilir. Əvvələr o qədər də mühüm saymadığın nəsnələr yeni əhəmiyyət kəsb edib. Fani dünyada ömrün günlərinin qənimət olduğunu başa düşürsən. Canlı ünsiyyətin heç nəyi əvəz etmədiyinə əmin oldum. Çay stolunda qohum-qardaşla, dost-tanışla canlı söhbəti heç bir virtual şəbəkə əvəz edə bilməz.
Bu çətin günlərdə mənə dəstək olan dostlara təşəkkür edirəm".