Çünki qidanın saxlanma qaydalarına əməl olunmur
Xəstəliklər sırasında qida zəhərlənmələri aparıcı yer tutur. Bu, özünü daha çox "fast-food" adlandırdığımız qidalarda, xüsusilə dönərdə göstərir.
Elə dünən Şəkidə də dönərdən zəhərlənmə hadisəsi baş verib.
Rayon sakini Əntiqə Şəmmədova və Ülviyyə Şirəlizadə qida zəhərlənməsi diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
İlkin araşdırma zamanı məlum olub ki, hər iki nəfər Şəkidə yerləşən “Gənclik” kafesində toyuq ətindən hazırlanan dönəri yedikdən sonra zəhərləniblər.
Faktla bağlı Şəki rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Bakıda dekabrın 13-ü 1-i qadın, 7-si kişi olmaqla 8 nəfər “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən “Dönər Market”də toyuq dönərindən zəhərlənmişdi.
Dönərdən zəhərlənmə halları ilə bağlı "Şərq"ə danışan qida təhlükəsizliyi üzrə ekspert Elsəvər Fərzəliyev açıqlamasında bildirib ki, qidanın hazırlanması ilə bağlı tətbiq olunmuş standartlar var:
"Müəyyən edilmiş qaydalara riayət etmirlər deyə zəhərlənmə halları baş verir. Bu məsələlərə nəzarət birbaşa AQTA-nın səlahiyyətindədir. Ölkədə hazırlanan, tədarük , idxal və ixrac edilən bütün qida məhsulları ilə əlaqəli mövzular Qida Təhlükəsizliyi Agentliyinin ixtiyarındadır. Lakin zəhərlənmə halı heç də AQTA-nın günahı ucbatından baş vermir. Çünki AQTA bu məsələləri tənzimləyən sənəd hazırlayıb. Amma sənədə riayət olunmadığına görə zəhərlənmə xəbərləriylə rastlaşırıq".
E.Fərzəliyev sənəddə ət xammallarının saxlanma müddəti və şəraitinin qeyd edildiyini vurğulayıb:
"Görünür, dönər hazırlanması üçün nəzərdə tutulan ət saxlama qaydalarına riayət edilmədən saxlanılıb. Ola bilər ki, ət bişiriləndən sonra bir neçə gün qalıb, istifadə edildikdə isə zəhərlənməyə səbəb olub. Ətin tərkibində zəhərin olmasına inanmıram. Broyler toyuqlarının tərkibində hormonlarla qarşılaşmaq olar. Çünki onların intensiv böyüməsini sürətləndirən amil toyuqlara verilən hormonlardır. Mövcud halda nədən zəhərləndiyini bilmək üçün hadisə baş verən ərəfədə analiz etmək lazımdır”.