Pandemiyanın axarını dəyişəcək

15 dəqiqəyə nəticə bəlli olur

İngiltərə antigen testi üçün 4,7 milyard xərcləyib


İngiltərənin istehsal etdiyi antigen testi pandemiyanın axarını müsbətə dəyişmək gücündədir. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, Böyük Britaniya hökuməti kütləvi istifadə üçün nəzərdə tutulan testlərin istehsalı üçün 4,7 milyard sterlinq büdcə ayırıb. Testlərin pandemiyadan sonra da istifadədə saxlanması düşünülür. B.Britaniya hökuməti testlərin istehsalına “Moonshot  əməliyyatı” adı verib. Plana əsasən antigen testlərdən sürətlə və kütləvi şəkildə istifadə ediləcək. Laboratoriyada yoxlanılması gərəkən və zaman tələb olunan PSR testləri əvəzinə məhz bu plan sayəsində 15 dəqiqədə nəticələri bəlli olan, dəfələrlə ucuz başa gələn, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş antigen testləri pandemiyada müsbət dəyişikliyə nail olunacaq. 

Lakin belə məsələlərdə adətən mübahisələr də yaranır. B.Britaniyada da testlərə etibarsızlıq nümayiş etdirildi. Alimlərin bir qismi iddia edirdi ki, sürətli testlər xüsusən, orta məktəblərdə daha çox istifadə edilir deyə, yanlış cavablara söykənilərək şagirdlər evə göndərilir və bu da tədrisi axsadır. Hətta testlərdən imtina edilməsi də müzakirə edildi. Ancaq alınan nəticələr sürətli testlərə inamı möhkəmləndirdi. Mart ayından etibarən aparılan yeni antigen testlərinin cavabları ardınca PSR testindən də keçirildi. Məlum oldu ki, cavablar 89 faiz üst-üstə düşür. Artıq Britaniyada birdəfəlik antigen testləri gündəlik həyatın br parçasına çevrilib. 

Əvvəlcə tibb müəssisələrində, iş yerlərində və idman sektorunda istifadə edilən testlər 2021-ci ilin aprel ayından etibarən kütləvi istifadəyə buraxılıb. İçərisində 7 test çubuğu olan qutular evlərə - vətəndaşlara pulsuz paylanır. Apteklərdə də bu testlər açıq satışdadır. 

Bir məsələ var ki, test cavabı neqativ çıxdıqda insanlar buna tam yəqinliklə inanır və həkimə müraciət etməyə ehtiyac görmürlər.  Bu da xəstəlikdə ağırlaşmalara gətirib çıxara bilər. Liverpulda aparılan bir tədqiqat zamanı bəlli olub ki, birdəfəlik antigen testləri eyni gündə PSR testi pozitiv çıxmış, simptomsuz xəstələrin yalnız yarısını düzgün təsbit edib. Lakin PSR testlərinin infeksiya dönəmindən sonra da orqanizmdə qalan virusdan genetik materialları daşıdığı da məlumdur. Yəni, PSR testləri xəstələnib – yoluxub sağalmış insanlarda hələ də pozitiv cavab göstərə bilir. Bu da çaşdırıcıdır. Birdəfəlik sürəti testlər yeni ştam – "Omicron"a qarşı da keçərlidirmi, buna hələ dəqiq cavab verilməyib. 

Alimlər bu fikirdədir ki, hətta test cavabları neqativ çıxsa belə, bu, COVİD-19 virusu təhlükəsinin tamamilə ortadan qalxdığını söyləmək üçün çox tezdir. Qoruma qaydalarına mütləq şəkildə davam edilməlidir.