Buraxılma tarixini tortun alt hissəsinə yazırlar, heç kəs də onu başının üstünə qaldırıb, altdan yuxarı baxa bilmir
Göyçay rayonunda beş tələbə qızın zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Göyçayda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.
"Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək", - deyə açıqlamada qeyd edilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən məlumata görə isə, Göyçayda zəhərlənən tələbələr evə buraxılıblar:
"Yanvarın 21-i, saat 13:00-da dörd nəfər zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib. Aparılan müayinələr nəticəsində onlara dəqiqləşdirilməmiş qastrit diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərildikdən sonra pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar".
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, tortlarla bağlı həmişə Azad İstehlakçılar Birliyinə telefon zəngləri gəlir:
“Ciddi məsələlərdən biridə odur ki, istehlakçı soruşur bu tort təzədirmi cavabında isə bəli, təzədir deyirlər. Bəzi hallarda bildirirlər ki, tortun buraxılma vaxtı yazılıb. Ancaq çox vaxt buraxılma tarixini tortun alt hissəsinə yazırlar. Heç kəs də tortu başının üstünə qaldırıb, altdan yuxarı baxa bilmir və onu əymək də olmur. Özləri bilərəkdən buraxılma tarixini alt hissəyə yazırlar. Ən brend mağazalarda soruşanda belə deyirlər, təzə tortdur. Əlbəttə, tortlardan insanlar çox tez zəhərlənə bilərlər. Ona görə istehlakçılar onun saxlanma şəraitinə, buraxılma tarixinə və son yararlıq müddətinə fikir verməlidirlər. Belə hallar olan zaman istehlakçılar kassa çekini saxlamaq şərtilə 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermələrini tövsiyə edirəm. Salat məsələsinə gəldikdə isə mayonezli və ya qaymaqlı salatlar daha tez xarab olur və soyuducuda maksimum 1-2 gün saxlanılmalıdır. Salatı hazırladıqdan sonra mümkün qədər tez istehlak etmək lazımdır və isti şəraitdə uzun müddət saxlamaq olmaz”.