Səhərlər acqarına limonlu su içmək yağların yandırılmasını sürətləndirmir və orqanizmi toksinlərdən təmizləmir. Bununla belə, immunitetə və damar sağlamlığına müsbət təsir göstərir. Bundan əlavə, aclıq hissini azaltdığı üçün arıqlamağa dolayı yolla kömək edə bilər.
Sherg.az xəbər verir ki, bu barədə «Rosbiotex» Universitetinin dietologiya kafedrasının dosenti Anastasiya Lebedeva "RİA Novosti"yə bildirib.
«Limonun tərkibində bol olan C vitamini immunitet və damar sağlamlığı üçün vacibdir. Lakin o, yağların yandırılmasına birbaşa təsir göstərmir, limon turşusu isə orqanizmi toksinlərdən təmizləmir. Limonlu su yağların yandırılmasını sürətləndirməsə də, çəkinin azaldılmasına dolayı yolla kömək edə bilər», – deyə o bildirib.
Dietoloqun sözlərinə görə, limon suya dad verir və bu, şirin çay, qaymaqlı qəhvə və qablaşdırılmış şirələr kimi kalorili səhər içkilərini daha sağlam alternativlə əvəz etməyə imkan yaradır.
«Maye şəklində qəbul edilən kalorilərin azaldılması enerji çatışmazlığının yaranmasına kömək edir. Buna görə də yeməkdən əvvəl içilən bir stəkan limonlu su mədədə müəyyən həcm tutur, toxluq hissi yaradır, aclığı azaldır və porsiyaların kiçildilməsinə kömək edir», - deyə Lebedeva izah edib.
O qeyd edib ki, kifayət qədər su içmək maddələr mübadiləsinin normal fəaliyyəti üçün vacibdir. Acqarına bir stəkan su içmək isə yanlış aclıq hissi səbəbindən əlavə qəlyanaltılara ehtiyacın qarşısını ala bilər.
Bundan başqa, limon turşusu xlorid turşusunun ifrazını və öd axınını stimullaşdıraraq zülalların mənimsənilməsini və yağların parçalanmasını yaxşılaşdıra bilər. Bununla belə, qida mədəyə daxil olduqda həzm prosesi onsuz da avtomatik olaraq başlayır.