Son xəbərlər

Borçalı Azərbaycan və Türkiyə üçün artıq yük deyil - Keçmiş diplomat

Mübariz Əhmədoğlunun yanlış və yaramaz fikri Borçalı məsələsini yenidən ictimai müzakirələrin diqqət mərkəzinə gəlib. Bölgənin strateji əhəmiyyəti, orada yaşayan azərbaycanlıların milli kimliyi, təhsil məsələləri və Azərbaycanla əlaqələrin vəziyyəti ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Sherg.az xəbər verir ki, mövzu ilə bağlı keçmiş diplomat Nəsib Nəsibli də narahatlıqlarını və mövqeyini ifadə edib.

O, bildirib ki, Borçalı Cənubi Qafqazın coğrafi mərkəzində yerləşir və regionun kommunikasiya xətləri baxımından strateji əhəmiyyət daşıyır. Onun fikrincə, bu amil Azərbaycan üçün Borçalının əhəmiyyətini artırır.

Keçmiş diplomat hesab edir ki, Borçalı ilə bağlı ən həssas məsələlərdən biri milli kimlik məsələsidir. O, rəsmi Bakının bölgədə yaşayan azərbaycanlıların özlərini necə təqdim etməsi məsələsindəki yanaşmasını tənqid edib.

Nəsib Nəsibli qeyd edib ki, Borçalı türklərinin “Gürcüstan azərbaycanlıları” və ya “gürcüstanlı azərbaycanlılar” adlandırılması onların milli şüuruna təsir edən amillərdən biridir. Onun fikrincə, bu yanaşma bölgədəki soydaşların etnik-milli kimliyindən uzaqlaşmasına səbəb ola bilər.

Keçmiş diplomat Türkiyənin də Borçalı məsələsinə münasibətinin əhəmiyyətli olduğunu vurğulayıb. O, Borçalı türkləri ifadəsinin işlədilməsinin Türkiyənin bölgəyə daha xüsusi yanaşmasına təsir göstərə biləcəyini qeyd edib.

N.Nəsibli həmçinin Borçalıda milli məktəblərlə bağlı vəziyyətdən narahatlığını ifadə edib. Onun sözlərinə görə, vaxtilə “Gürcüstan azərbaycanlıları milli məktəbləri neynirlər, Gürcü məktəblərində oxusunlar, vəzifə tutsunlar” yanaşması səsləndirilib və bu istiqamətdəki siyasətin nəticəsində milli məktəblərin vəziyyəti pisləşib.

“Məktəblər sürətlə və geri dönməz şəkildə gürcüləşdirilir. Bu, gözgörəsi itkidir”, - deyə keçmiş diplomat vurğulayıb.

N. Nəsibli Borçalı ilə Azərbaycan arasında quru yollarının bağlı qalması məsələsinə də toxunub. O, bunun bölgədə yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrinin zəifləməsinə və uzaqlaşmasına səbəb olduğunu bildirib.

Keçmiş diplomat hesab edir ki, Borçalı yalnız seçkilər zamanı Bakının diqqət mərkəzinə düşməməli, bölgə ilə bağlı daha ardıcıl siyasət həyata keçirilməlidir.

N.Nəsibli eyni zamanda Borçalı türklərinin öz məsuliyyətini də xüsusi vurğulayıb. Onun fikrincə, bölgədə milli kimliyin qorunması və milli intibahın gücləndirilməsi üçün yerli əhalinin də üzərinə böyük məsuliyyət düşür.

“Milli intibahını yüksəltməsən”, ölkənin şəhər əhalisi üçün pomidor-xiyar becərən rəiyyətinə çevriləcəksən”, - deyə N.Nəsibli Rəsulzadənin fikirlərinə istinad edib.

Keçmiş diplomat Borçalı məsələsinin yalnız Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası baxımından əhəmiyyətli olduğunu bildirib. O, bölgədə milli kimliyin və milli şüurun qorunmasının vacibliyini vurğulayaraq, müxtəlif siyasi və ideoloji təsirlərlə bağlı xəbərdarlıq edib:

"Borçalı məsələsinə biganə yanaşmaq doğru deyil və bölgənin strateji, siyasi və milli əhəmiyyəti nəzərə alınmalıdır".