“Əhaliyə "fast-food"lar təqdim olunur. Kampaniyalar, qiymət siyasətləri, payladıqları kağızlarla insanları özlərinə cəlb edirlər”
“Əzabını isə istehlakçılar çəkəcəklər”
Bakıda fəaliyyət göstərən restoranda istehlaka yararsız məhsullar tapılıb. Məlumata görə, Agentlik əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., Füzuli küçəsinin kəsişməsi, məhəllə 720 ünvanında fəaliyyət göstərən, “Anar Food” MMC-yə məxsus “Burger King” restoranında keçirilmiş plandankənar yoxlama zamanı məhsulun qəbulu, saxlanması, emala hazırlanması və emalı prosesləri araşdırılıb.
Araşdırma zamanı emal prosesində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib, eyni zamanda restoranın dondurucu kamerasında hər birində 24 ədəd olmaqla, 31 ədəd karton qablaşdırmada, burgerlərin hazırlanması üçün nəzərdə tutulmuş, ümumi sayı 744 ədəd yararlıq müddəti bitmiş çörək aşkarlanıb. Faktla bağlı qanunverciliyə uyğun müvafiq tədbirlər görülüb, istifadə müddəti bitmiş məhsulların istehlakının qarşısı alınıb.
Qeyd edək ki, qiymətlər yüksək məbləğdədir deyə, məhsulun keyfiyyətli olduğunu düşünürlər. Lakin bəzi məkanlarda qiymətin çoxluğuna baxmayaraq, keyfiyyətsiz məhsulların bazarlandığını da görürük.
Müəssisələrdəki yoxlamalara münasibət bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov mövzunu "Sherg.az"a dəyərləndirib. Onun sözlərinə görə, qida təhlükəsizliyinə nəzarət edən AQTA -nın əli qolu bağlıdır, ciddi yoxlamalar apara bilmir:
"Hökumət istehlakçıların hüquqlarını qorumaq üçün qanun təsdiqləyib, AQTA kimi agentlik qurur, maliyyə ayırır. Digər tərəfdən də biznes qurumlarının ərkəsöyün obrazını yaradır. Onlara toxunmaq, yoxlamaq olmaz.
Hazırda bir şəxs təhlükəli malın satıldığını görsə, heç bir dövlət qurumun qarşısını almağa səlahiyyəti yoxdur. Anormal haldır.
Bazarın şahı, bazarı mövcud edən biznesi də, dövləti də saxlayan istehlakçı hüquqları öndə dayanmalıdır. Çox təəssüf ki, istehlakçı hüquqları arxa planda qalıb. Hökumətin biznes qurumları üçün yaratdığı toxunulmazlıq şəraitindən tam sui şəkildə yararlanır.
Təhlükəli malları istənilən yerdə satır, qiyməti də istədikləri kimi qoyurlar. "Fast - food" sistemində ciddi problemlərdən biri motosiklet velosipedlə qida daşıyanlardır.
Atisanitar vəziyyətdə, qidanı necə qoruyub çatdırdıqları kimi məsələlərin hamısı diqqətdən kənarda qalıb. Əhaliyə "fast - food"lar təqdim olunur. Kampaniyalar, qiymət siyasətləri, payladıqları kağızlarla insanları özlərinə cəlb edirlər. Əzabını isə istehlakçılar çəkəcəklər.
Qiymətin yüksəkliyi də Azərbaycan əhalisinin reklam tələsinə çox ciddi inandlıqlarını göstərir. Yemək gətirmək barədə qapıya reklamlar yerləşdirirlər. Azərbaycan xalqı milli mətbəxindən uzaqlaşıb, "fast- food"a doğru gedir. Nəticələrinə isə xəstəxanalarda qatlanacaqlar.
Əhalini diqqətli davranmağa çağırıram. Mövcud qanunvericilikdə dəyişiklik nəzərədə tutulmalıdır. AQTA-ya xüsusi səlahiyyət verilməlidir ki , lazımi yerdə dərhal reaksiya mexanizmi işə düşsün".