Donuz qripi “qapımızın astanasında”! - Həkim: “Cəmiyyət təlimatlandırılsın"

"COVİD-19” pandemiyası hələ bitməyib, davam edir".
Bu sözləri "Sherg.az"a tibb elmləri doktoru, professor Adil Qeybulla Ermənistanda 2 nəfərin donuz qripindən ölməsi ilə bağlı danışarkən deyib. Həkimin qənaətincə, hazırkı fəsildə mövcud olan soyuqdəymə, mövsümi xəstəliklər pandemiyadan əvvəlki dövrdə də çox olurdu:

"Son günlər müxtəlif intensivlikdə soyuqdəymələr özünü büruzə verir. İndiki zamanda Rusiyada donuz qripinin tüğyan etməsi ilə bağlı məlumatlar var. O virusun Ermənistanda yayılması, Azərbaycana da gəlmə ehtimalı təəccüblü deyil. Çünki ölkəmizdə xeyli sayda miqrant var. Həmçinin orta ağır və ya ağır xəstələnənlər çoxdur. 

Hazırda bəzi dərmanların həddən artıq istehlakı ölkədə soyuqdəymə və respirator virus xəstəliklərinin kifayət qədər yayıldığından xəbər verir. Səhiyyə Nazirliyi (SN) bununla bağlı məlumat verməli, əhalini maarifləndirməlidir. Havada dolaşan infeksiyanın qripə və ya koronavirusa aidliyi araşdırılmalı, cəmiyyətin diqqətinə çatdırılmalıdır. 

Primitiv tədbirlərin görülməsi və xəstəliyin lokallaşdırılması üçün mütəmadi şəkildə əhali bilgiləndirilməlidir. Sözügedən istiqamətdə hələ ki ciddi fəaliyyət görmürük. Eyni zamanda vurğulamaq vacibdir ki, insanların həkim nəzarətində olmadan, özbaşına antibiotiklərdən istifadə etməsi də yolverilməzdir. 

Bu gün apteklərdə antibakterial preparatların həddən ziyadə alındığını müşahidə edirik. Antibiotik soyuqdəymə zamanı virusa təsir etmir. Yalnız ağırlaşmalar baş verərsə, həkim məsləhəti ilə istifadə oluna bilər. Cəmiyyət təcili tibbi yardım zamanı nə etməli olduğu barədə təlimatlandırılmalıdır".

Qeyd edək ki, Ermənistanda 2 nəfər donuz qripindən ölüb. Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.