Əl tərləməsinin səbəb və əlamətləri açıqlanıb. “Sherg.az” “NTV”-yə istinadən xəbər verir ki, əllərin tərləməsi həm psixoloji, həm də fizioloji ola bilər.
Bu hal, həddindən artıq əsəb, stres, narahatlıq kimi hallarda psixoloji olaraq, baş verir. Xüsusilə, əl sıxma zamanı diskomfort hissi yaşadır. Bədənin istilik tarazlığını qorumaq baxımından tərləmə mühüm şərtdir. Ancaq bu, həddindən artıqdırsa, problem var. Ən sıx tər vəziləri ovuclarda yerləşir. İlk növbədə, stres, həyəcan və ya qəzəb zamanı əllərdə müşahidə olunur. Eyni zamanda çox vaxt ayaqlar, bəzən qoltuq altları və üz (baş) nahiyəsində də ola bilər.
Haqqında söz açdığımız problem insanın gündəlik fəaliyyətinə, sosial, iş həyatına, öyrənməsinə və psixoloji vəziyyətinə təsir edirsə, bu, artıq əl tərləmə xəstəliyi (palmar hiperhidrozu) adlanır. Həyati təhlükəsi yoxdur.
Digər səbəblərinə bir anlıq əhval dəyişikliyi, istilik, hərəkət etmə, şiş, podaqra xəstəliyi, piylənmə, şəkərli diabet, civə zəhərlənməsi, qalxanabənzər vəzinin həddindən artıq işləməsi, menopoz, psixoloji pozğunluqlar, hamiləlik, yoluxucu xəstəliklər, ürək çatışmazlığı, hipoqlikemiya, narkotik, spirt aiddir.
Əl tərləmə çox hallarda baş vermirsə və normal vəziyyətdədirsə, onu aradan qaldırmaq üçün səy göstərməyə ehtiyac yoxdur. Ancaq xoşagəlməz tərləmə varsa, əvvəlcə həkimə müraciət etmək faydalı olar.
Sözügedən problem üçün bəzi müalicə üsulları mövcuddur. Əlləri tez-tez su ilə yumaq lazımdır. Bu, tər vəzilərini sakitləşdirməyə kömək edir. Daha sonra ən çox seçilən tətbiqlər arasında sprey və ya gel şəklində tərəleyhinə “antiperspirant”lardan istifadə edilməsidir. Tər məsamələrini müvəqqəti olaraq bağlayır, bir müddət dayanmasını təmin edir. Bundan əlavə, ovuç içinə uşaq pudrasını (prisipka) səpmək tər vəzilərini sakitləşdirməyə kömək edir.
Problemdən tez azad olmanın başqa bir yolu botoks inyeksiyasıdır. Həkim nəzarətində tətbiq edilir. Proses təxminən 15-20 dəqiqə çəkir. Qeyd olunan metod tər vəzilərinin işləməsinə maneə törədir. Lakin botoks 6-7 ay təsir gücünə malikdir. Daha sonra yenidən müraciət etmək lazımdır.