Nomofobiya nədir və onun müalicəsi varmı? – OXUYUN!

Nomofobiya və əlamətlərinə dair yeni detallar aşkarlanıb. “Sherg.az” “NTV”-yə istinadən xəbər verir ki, nomofobiya mobil telefonun təmin etdiyi rabitədən kəsilmək qorxusu deməkdir. Yəni hansısa formada mobil telefondan məhrum olmaq həyəcanıdır. Müasir dövrün yeni sindromlarından biri kimi təyin edilib. 

Bu vəziyyət xüsusilə, smartfonların artan istifadəsindən sonra vüsət alıb. Bəzi insanlar telefonsuz qaldığı an psixoloji gərginlik yaşaya bilər. Mütəxəssislərin fikrincə, adıçəkilən sindroma daha çox gənclərdə rast gəlinir.

Telefonun enerjisi bitəndə özünü çox çarəsiz hiss etmək, smartfonu hardasa unutmaq, onun xarab olması, istifadə edə bilməmək qorxusu nomofobiyanın əlamətləridir. 

Eyni zamanda telefon olmadıqda başgicəllənmə, ürək döyüntüsü, nəfəs almaqda çətinlik, mədə krampları kimi bəzi narahatlıqlar sözügedən qorxuya daxildir. 

Nomofobiyanın müalicəsi üçün insan ilk növbədə, bunu bir problem kimi qəbul etməlidir. Mövcud vəziyyətlə bağlı şüurunun inkişafına çalışmalıdır. Telefonlar çox vacibdir, lakin əyani ünsiyyəti heç vaxt əvəz edə bilməz. Bu mövzuda psixoloji yardım almaq lazımdır. 

Həmçinin telefon asılılığından əziyyət çəkən şəxslər özlərini hazır hiss etdikdə psixoterapiya prosesinə başlamalıdır. Terapiyanın məqsədi insanların telefonla əlaqəsinin kəsilməsi ilə bağlı qorxu və təşviş yaradan düşüncələrini dəyişdirməkdir.