Bu ilin may ayının 1-dən etibarən aparılan monitorinqlər zamanı ticarət obyektlərində satışı həyata keçirilən 26 adda emal edilən qablaşdırılmış sulardan nümunələr götürülüb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib. AQTA bildirib ki, aparılmış sınaq nəticələrinə əsasən, nümunələrdən 22-nin nəticəsi qənaətbəxş olub:
"4 nümunənin mikrobioloji göstəriciləri qida sahəsində normativ sənədlərin tələblərinə cavab verməyib. Sınaq nəticəsi uyğunsuz çıxan suların adları aşağıda (Cədvəl 1) qeyd olunan emal müəssisələrində yoxlama keçirilib, hər 4 müəssisənin su emalı fəaliyyəti dayandırılıb, uyğunsuz çıxan məhsul partiyasının istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılması barədə icrası məcburi göstəriş verilib, 16 300 ədəd 1 litrlik, 817 ədəd 5 litrlik, 672 ədəd 0.5 litrlik su məhsulları isə geri qaytarılaraq məhv edilib".
Həkim-infeksionist Mərdan Əliyev "Sherg.az"a normativ sənədlərin tələblərinə cavab verməyən içməli suların insan orqanizminə ziyanından danışıb. O diqqətə çatdırıb ki, su içməli olması üçün bir neçə kriteriyalara cavab verməlidir:
"Onun həm bakterioloji tərəfləri, həm də codluğu nəzərə alınmalıdır. Suyun codluğu tərkibindəki mineral maddələrin miqdarından asılıdır. Həmçinin tərkibində ağır metallar olmamalıdır. Codluq aşkarlanarsa, qida sahəsində normativ sənədlərin tələblərinə cavab verməyəcək. Eyni zamanda içildikdə insan orqanizmində fəsadların yaranması ilə nəticələnəcək, çünki ziyanlı sayılır. Həm tərkibində maqnezium, kalsium duzlarının miqdarı çox olur, həm orqanizmdə müəyyən daşları əmələ gətirir, həm də orqanizm yaxşı qəbul etmir. Eyni zamanda tərkibində hansısa bakteriyalar müəyyən olunarsa, mədə-bağırsaq infeksiyaları əmələ gələ bilər".