"Yer kürəsi kosmosun bir hissəsidir. Əlbəttə, bütün kosmik hadisələr də Yer kürəsində öz əksini tapır. Digər tərəfdən qlobal istiləşmə və Yer kürəsində baş verən bütün proseslər havaya da, iqlimə də təsir göstərir".
Bu sözləri "Sherg.az"a tibb elmləri doktoru, professor Adil Qeybulla dəyişkən keçən hava şəraitindən danışarkən söyləyib. Həkim diqqətə çatdırıb ki, müxtəlif iqlim təlatümlərini mütəmadi şəkildə müşahidə edirik:
"Ona görə də təəccüblənmək lazım deyil. Hətta yay vaxtı Bakıda və rayonlarda dolu, qar yağmasına da çox şahidlik etmişik. Bu təlatümləri dini proseslərə və yaxud mifik köklərə bağlamaq düzgün olmaz. Hava qəfildən dəyişdikdə insanlar öz rejimini də ona uyğunlaşdırmalıdırlar. Xüsusilə də, geyimlərimizə fikir verməliyik. Eyni zamanda kondisionerdən istifadədə diqqətli olmalıyıq. Bəzən özümüzü qorumadığımız üçün xəstələnirik və soyuqdəymə kimi müəyyən problemlər yaranır. Həmçinin müxtəlif respirator virus infeksiyalarının fəallaşması baş verə bilər".
Qeyd edək ki, ötən gün axşam saatlarından başlayaraq, Bakıda və Abşeron yarımadasında qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunub. Hətta bəzi rayonlarda qar, dolu yağıb. Yay fəslinin ən qızmar ayında havanın dəyişkən - isti, soyuq keçməsi adamları da çaşdırır. İnsan orqanizminə də ziyan vurur. Belə anormal vəziyyətdə xəstələnənlər, immuniteti zəifləyənlər də çoxluq təşkil edir.