"Həqiqətən, yayın ən qızmar günlərini yaşayırıq. İsti havalar da təbiətin qanunu, təbiətə xas əlamətdir".
Bunu "Sherg.az"a həkim-terapevt Tünzalə Süleymanova isti havalarda vəziyyəti pisləşən insanlara ilkin tibi yardımın necə göstərilməsindən danışarkən deyib. Onun sözlərinə görə, saat 12:00-dan 17:00-a qədər günəş şüalarının intensivliyini nəzərə alaraq, açıq havada olmaq məsləhət görülmür:
"Günəş şüaları altında gəzən insanlar günvurma ilə qarşı-qarşıya qala bilərlər. Hərarətinin yüksəlməsi, başağrısı, baş gicəllənməsi, yaşlı adamlarda arterial təzyiqin qalxması, bəzən ishal və ya qusma kimi hallar günəşin zərər vurmasının əlamətidir. Sadaladıqlarımız orqanizmə görə dəyişir və hansısa əlamətlə özünü göstərir. Bu günlərdə ətrafımızda vəziyyəti pisləşən insan gördükdə maye içirtmək, sərin və qapalı məkana aparmaq, uzatmaq, sonra mütləq həkimlə əlaqə saxlamaq lazımdır. İlk tibbi yardım zamanı həmçinin xəstənin alnına yaş dəsmal qoymaq, əynindəki paltarları imkan daxilində çıxartmaq tövsiyə olunur".
Qeyd edək ki, iyul ayı ərzində günvurma ilə əlaqədar 45 müraciət qeydə alınıb. Bu barədə TƏBİB məlumat verib. İyul ayı ərzində günvurma ilə bağlı olaraq, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdə, 45 nəfər müraciət edib. Onlardan 21-i qadın, 24-ü kişi, 38 nəfəri böyük, 7-si isə uşaq olub.