"Əslində koronavirusun yeni ştamlarının yaranması təbii haldır".
Bunu "Sherg.az"a həkim-infeksionist Mərdan Əliyev Rusiyada COVID-19-un yeni variantının yayılmasından danışarkən deyib. Onun sözlərinə görə, COVİD-19-un yeni variantının yayılması sürpriz deyil:
"Əslində "Omicron" ştammı kifayət qədər sürətlə yayıldı. Yeni varianta yoluxanların sayının 17 olması əslində çox azdır. Yeni variantın necə bir xüsusiyyətə malik olduğunu, yoluxma sürətini müəyyən etmək çətindir. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, həqiqətən də, sürətli yoluxursa, artıq 17 yox, daha böyük rəqəmlərlə qarşılaşmalı idik. Bunu əslində zaman göstərəcək. Rusiyada aşkarlanıbsa, Azərbaycana yayılma ehtimalı da var. Amma vətəndaşlarımızda artıq kollektiv immunitet formalaşıb. Ona görə də təhlükə saçacağını sanmıram. Yeni variant yayılsa belə, xəstəlik yüngül keçəcək. Burada istisna hallar var. Daha çox yaşlı adamlar, xroniki xəstəliyi, qaraciyər sirrozu olanlar, artıq çəkidən əziyyət çəkənlər, yaşı 65 üzəri insanlar üçün təhlükə sovuşmayıb. Belə şəxslərin mütləq peyvənd olunması məsləhətdir".
Qeyd edək ki, Rusiyada bu ilin aprel-avqust aylarında koronavirusun yeni variantına 17 yoluxma halı aşkar edilib. Bu barədə Rusiya Federasiyasının İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) məlumat yayıb.
İdarədən bildirilib ki, koronavirusunun yeni variantı (EG.5) özündən əvvəlki növlərdən daha sürətli yayılır.