Azərbaycanda tələbə ürəktutmasından dünyasını dəyişib.
Bununla əlaqədar “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.
Məlumata görə, Azərbaycan İqtisad Universitetinin (UNEC) Biznesin idarə edilməsi ixtisasının IV kurs tələbəsi olan Elmin Rzayev ürəktutmasından vəfat edib.
Bildirilib ki, bu, son 10 gün ərzində ürəktutmadan ölən üçüncü tələbədir.
Kardioloq Gülane Ağayeva“Sherg.az"la söhbətində söyləyib ki, ani kardiyak ölümlərin bir çox səbəbləri var:
“40 yaşdan yuxarı insanlarda miokard infarktına bağlı olsa da, 35 yaşdan aşağı şəxslərdə, gənclərdə bu xəstəliyin səbəbi daha çox ürəyin əzələ sistemi xəstəlikləri, elektriksəl keçiricilik, anadangəlmə ürək qüsurlarından və digər səbəblərdən yaranır. Bu xəstəliklər ən çox özünü fiziki aktivlik zamanı artan narahatlıqlarla büruzə verir, bəzi hallarda isə xəstə heç bir şikayət simptomları olmadan keçirir. Bu da öz növbəsində ani kardiyak ölümlərlə nəticələnir. Bəzi hallarda erkən müayinə vasitəsilə kardioqrama və digər müayinə üsullari ilə bu xəstəliyi aşkar edib qarşısını almaq mümkündür. Ən çox risk altında olanlar ailə üzvlərində bu xəstəliyin aşkar olunduğu şəxslərdir. Gənclər daha çox zərərli vərdişlərdən,spirtli içkilərdən istifadə etdiyinə görə ürəktutmasından ölüm sayı artmışdır"..