Dövlət bu istiqamətdə düzgün addım atıb
Siqaret və spirtli içkilər bahalaşacaq. Aksiz dərəcələri artırılır.
Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.
Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir.
Hazırda aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14,0 manatdırsa, layihəyə görə, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq.
Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır.
Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata qaldırılır. Şampan şərabı üçün aksiz dərəcəsi isə azaldılaraq 2,6 manatdan 0,2 manata endirilir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında bildirdi ki, qiymətlərin artırılmasını dəstəkləyir, dövlət bu istiqamətdə düzgün addım atıb:
“Bu uğurlu bir tendensiyadır. Hər bir halda bu məhsullar insan sağlamlığı üçün zərərlidir. Təəssüflər olsun ki, ölkədə 2015-2020 -ci illərə qədər qeyri-infeksion xəstəliklərin azaldılmasına dair dövlət strategiyası mövcud idi. Strategiyada bu müddət ərzində siqaretin çəkilməsi 10 faiz azaltmaq qarşıya məqsəd qoyulsa da bu hədəflərə nail olunmadı. Siqaretdən istifadə edənlər ildən-ilə artır. Bu azmış kimi qəlyan, elektron siqaretlər də bazara daxil oldu. Tütün və tütün məmulatları haqqında qanun istehlakçıların xeyrinə illər boyu dəyişdirilib. Lakin müşahidələrdən belə məlum olur ki, qanuna əməl edilmir. Siqaretlərin tək-tək satışı qadağan olunduğu halda satışı davam etdirilir. Eləcə də spirtli içkilərin təhlükəli olduğunu 5 il bundan əvvəl Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi sübut etdi. Göstərildi ki, ən bahalı içkilər brend kafe və restoranlarda əhalini aldadaraq satışı həyata keçirilir. Yəni, əslində bahalı markalara məxsus deyil. Onların içərisinə naməlum mayelər doldurulur. Nəticədə insanların zəhərlənməsinə səbəb olur. Azad İstehlakçılar Birliyi olaraq spirtli içkilər və siqaretin qiymətinin bahalaşmasının tərafdarıyıq".