Sumqayıtda özəl klinikalardan birində ölüm faktı baş verib.
1986-cı il təvəllüdlü Elbrus Hörmət oğlu Hüseynov Sumqayıtdakı "Doktor AZ" klinikasında antibiotik iynəsi vurulduqdan sonra ölüb.
Bildirilib ki, xəstəyə antibiotik probu qoyulub və bu zaman anafilaktik şok halı baş verib. Vəziyyəti ağırlaşan E. Hüseynov orada ölüb. Fakt araşdırılır.
Sözügedən hadisəyə münasibət bildirən tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında bildirib ki, təkcə antibiotik deyil, bütün dərmanlara qarşı hər bir kəsin orqanizmində həssaslıq ola bilər:
“Bəzi dərmanların tərkibində antibiotiklər mövcuddur. Xəstə antibiotiki ilk dəfə qəbul edirsə, öncə həmin dərmandan 0.1, 0.2 qram yana, əzələ daxilinə prob qoyulub, 15-20 dəqiqə gözlədilməlidir. Daha sonra vurulan yerdə qızartı, şişkinlik yoxdursa, həll etdiyimiz antibiotikin lazım olan hissəsini xəstəyə vura bilərik. Bəzi hallarda xəstələr əvvəlcədən deyir ki,"Mənim filan antibiotikə qarşı həssaslığım var". Həkimlər də deyilən tərkibdə dərman yazmırlar. Ona görə də antibiotikdən ölüm hallarının qarşısını almaq üçün əvvəlcədən hər bir kəs analiz verib, qanın əkilməsi həyata keçirilməlidir. Analiz cavablarına əsasən xəstənin hansısa antibiotikə qarşı həssaslığını müəyyən etmək mümkündür. Burada bir neçə qrup antibiotikin adları və hansı qrupa qarşı həssas olub-olmadığı qeyd edilir. Həmin qrupdan insanlara tabletka verilir “.
Həkim qeyd edib ki, bu analizi bütün şəxslər yoxlaya bilər :
“Çox təəssüflər olsun ki, bu yoxlama insanların xəstələndiyi, ağır qızdırması və antiotikə ehtiyyacı olan zaman yadına düşür. Belə olan hallda həkimlərin analiz cavabı gözləməyə vaxtları olmur. Çünki cavab 1 günə hazır olmur. Təxmini 3-5 gün arası vaxt lazımdır. Bu baxımdan yaxşı olardı ki, insanlar sağlam vəziyyətdə bu analizi versinlər. Onlar həm özlərinə, həm də həkimlərə kömək etmiş olardılar. Bu zaman antibiotikdən ölüm hallarının qarşısını almaq mümkün olacaq".