"Əhaliyə verilən, satılan sular təmiz deyil"  - Mütəxəssis 

"Gənclərdə saçların,dişlərin tökülməsinin şahidi oluruq. Bunun əsas  səbəbi suda yodun olmamasıdır"


Son vaxtlar market və köşklərdə satılan əksər suların keyfiyyəti şübhə doğurur. Səbəb su biznesi genişləndikcə bu bazarda saxta su satan işbazların sayının artmasıdır. Markaların sayı artsa da, təəssüf ki, keyfiyyət günü-gündən aşağı düşür. İşbazlar isə xlorlu suyu belə müştərilərə bulaq suyu kimi təqdim etməkdən çəkinmirlər.

Sosial şəbəkələrdə yayılan bir videodan isə hətta məşhur brendlərin belə müştərilərə təklif etdiyi suyun bulaq və dağ suyu olmadığı bəlli olur.

Belə ki, paytaxt sakini "Slavyanka", "Sirab", "Bonaqua" kimi suları keyfiyyətini xüsusi cihazla yoxlayıb və bu prosesi videoya çəkib. Məlum olub ki, bu suların bəzilərini içmək olduqca təhlükəlidir.

Məsələ ilə bağlı "Sherg.az"a danşan qida mütəxəssisi Ağa Salamov bildirib ki, bulaq suları Qida Təhlükəsizlik İnstutunun xüsusi laborotoriyasında yoxlanmalıdır: 

" Zirzəmi şəraitində su filtrləri qoyulub və su doldurulur. Əllərindəki müxtəlix növ etiketləri yapışdırırlar, satışa çıxarırlar. Sertifikat almış, dövlət tərəfindən təsdiqlənmiş brend və əmtəə nişanı verilməlidir. İstehsalçılar maliyyəni düşünərək ucuz yola əl atırlar. Misal olaraq bulaq suyunu gətirmək üçün transport, qablaşdırılması , xüsusi yerlər lazımdır. Çox vaxt görürük ki, brend markalarda ucuz filtrlənmiş "ölü suyu" insanlara satırlar. Ən keyfiyyətlisi isə bulaq və  mineral sulardır. Ölkəyə gətirilən sular yoxlamalardan keçirilməlidir. Naxçıvandan gətirilən mineral sularımız var ki, şüşədə satılanları ala bilərik. Bu işə isə Qida Təhlükəsizlik Agentliyinin nəzarət edir. Əhalini bulaq suyu ilə təmin etmək çətindir. Ana xəttdən keçən suyu filtrləyirlərsə, bu zaman minerallaşdırmaq lazımdır. İndiki dövrdə kranddan gələn suyu içmək belə olmur. Bina həyətlərində tikilən su çənləri böyük təhlükə mənbəyidir. Araşdırsaq, görərik ki, burada çoxlu bakteriya var. Mənim fikrimcə, bu anbarlar yığışdırılmalıdır və su kanalından birbaşa  çəkilərək bina evlərinə verilməlidir. Artıq insanlar evlərinə filtr yerləşdirməyə məcburdurlar. Bu da mağazada satılan sulardan fərqlənmir. Ona görə də ölkəyə daxil olan su təmizlənməlidir. Şorlar suyu bütün Bakını təmin edirdi. İndi isə o su "yoxa çıxıb". Hara və kimin evinə axması məsələsi sual altındadır. Suda yodun, mineralın olmaması insanların sağlamlığına təhlükə yaradır. Qarabağ, Naxçıvan zonasında turş suyu gətirib satılmalıdır. Bir sözlə, əhaliyə verilən sular təmiz deyil. Gənclərdə saçların,dişlərin tökülməsinin şahidi oluruq. Bunun əsas  səbəbi suda yodun olmamasıdır".