Məktəblərdə xəstəliklər artıb: Səbəb diqqətsizlikdir?

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 6 nəfər (4-ü oğlan, 2-si qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib.
Qeyd olunub ki, onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib: "Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub və müalicələri davam etdirilir. Müraciət edən azyaşlı xəstələrin 1-nin vəziyyəti ağır, 5-nin isə stabil olaraq qiymətləndirilir".
Mərkəzi Aran Regional Təhsil İdarəsindən isə sorğumuza cavab olaraq qeyd olunub ki, “Hepatit A” virusuna yoluxmuş şagirdin 1-i Mingəçevir şəhər 8 nömrəli tam orta məktəbin 7ç sinif şagirdi M.Ə, 2-si Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseyin şagirdi (M.İ - 10a, E.A - 9d), digər 2-si isə işğaldan azad olunmuş rayonların yerlərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdləridir:
"Mingəçevir şəhər Mərkəzi Xəstaxanasında verilən məlumata əsasən, hazırda uşaqlar Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə qaldırılıb və səhhətləri orta stabil olaraq qiymətləndirilir. Həmçinin şagirdlərin səhhəti və sağlamlıq durumu barədə tərəfimizdən mütəmmadi olaraq maraqlanılır. İdarə məsələ ilə bağlı şagirdlərin, eyni zamanda vətəndaşların gigiyena qaydalarına riayət etmələri və virusdan qorunmağa çağırır".

Məsələ ilə bağlı "Sherg.az"a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, əslində Hepatit B,C,D Hepatit A virusunun motifikasiya edilmiş növləridir:
                                                                              
“Sadəcə olaraq Hepatit A virusu infeksional yolla yoluxur. Bunun adı infeksional sarılıqdır. Bu xəstəlik hava damcı yolu ilə yarana bilir. Bunun da şagirdlər arasında  yoluxma səbəbi bu nüansdan qaynaqlanır. Vaxtında lokallaşdırılmalı və müvafiq addımlar atılmalıdır. Məktəblərdə dezinfeksiya tədbirləri aparılmalıdır. İndiki dövrdə uşaqlar arasında qızılca və digər yoluxucu xəstəliklərin artması milli təqvimlə vaksinasiyya prossesinin aparılmasından yaranır. Valideynlər vaksindən şüurlu şəkildə yayınırlar. Təəssüflər olsun ki, bu da öz mənfi nəticələrini verməkdə davam edir. Hesab edirəm ki, bu istiqamətdə nəzarət güclənməlidir. Uşaqları vaxtı-vaxtında pulsuz vaksin etdirməyən valideynlər cəzalanmalıdır. Çünki onlar həm uşağı, həm də ətrafdakıların taleyini sual altında qoyur. Şagirdlərə gəldikdə isə əgər bu virus aşkar olunubsa, onlar dərhal yataq rejiminə keçməlidir. Yaxşı olardı ki, infeksion xəstaxanalara cəlb edilsinlər. Onlarla kontaktda olan şəxslər də nəzarətə götürülməlidir".