Pediatr: Yoluxmamaq üçün göy öskürəyə qarşı peyvənd edilməlidir

Açıq havada gəzinti olduqca önəmlidir!


  Qızılca xəstəliyinə yoluxma halları səngiməmiş başqa infeksiyaların baş qaldırması ilə bağlı xəbərlər yayılmağa başlayıb.  Son günlər əhali arasında azyaşlıların göy öskürək infeksiyasına yoluxduğu bildirilir. 
  Göy öskürək xəstəliyinin əlamətləri və yayılma yollarından danışan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Nigar Bayramova ATV-yə bildirib ki, bakterial infeksiya hava damcı yolu ilə yayılır: "Bu dövrdə uşaqlarda asqırma, öskürmə, burun axması və qızdırma kimi simptomlar müşahidə edilir. Özəlliklə gecə boğulma şəklində öskürəklər olur".

  Pediatr Ülvi Əliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, göy öskürək bakteriya tərəfindən törədilən, şiddətli öskürək tutmalarına səbəb olan və əsasən tənəffüs yollarını zədələyən xəstəlikdir: 
“Xəstəlik hava-damcı yolu ilə yoluxur. Törədicisi Gram mənfi çöpşəkilli bakteriya olan Bordetella pertussisdir. Bordetella 1906-ci il  mikrobu kəşf edən belçikalı Bordonun şərəfinə adlandırılıb. 
  Xəstəlik 3 həftədən çox çəkən öskürəklə müşaiyət edilir. Bəzi mənbələrdə isə  adı "100 günlük öskürək" deyə qeyd olunur. Yoluxmuş uşaqlar arasında  100 günə kimi öskürənlər olur. 
  Öskürək o qədər çox olur ki, uşağın rəngi göyərir ("göy" sözünü burdan alıb) sanki boğulacaqmış kimi bir hal alır. Daha çox 6ay-5yaş arası uşaqlarda rast gəlinir. Xarakterik öskürək tutmaları əsas simptomdur. Dərin nəfəsin ardından üst-üstə öskürək başlayır, gözlərdən yaş axır, qusma görülür. Dildə dişlərə sürtünmədən yara əmələ gəlir. Son vaxtlar  bu xəstəliyə yoluxmaların artmasına səbəb isə valideynlərin "göy öskürək toksini olan peyvəndlər qızdırma verir" deyə uşaqlarını vaksinasiyadan yayındırmasıdır. Xəstəliyə bağlı ağırlaşmalar tənəffüs dayanması (apnoe), qabırğa sınığı, pnevmotoraks, qaşıq yırtığı, sidik saxlaya bilməmək kimi hallardır. 
  Müalicə antibiotik və simptomatik aparılır. Heç bir müalicə öskürəyin intensivliyini azalda bilmir. Bu isə valideynlərdə ciddi narahatlığa səbəb olur. Çünki uşaq boğulur, lakin valideyn və həkim çox vaxt aciz olur.  Müalicəsində həkim məsləhəti ilə inhalyasiya edilir. Açıq havada gəzinti olduqca önəmlidir.
Yoluxmamaq üçün göy öskürəyə qarşı peyvənd edilməlidir.
  Uşaqlar 2 aylığında göy öskürək, tetanus, difteriya, hepatit B və B tipli hemofil infeksiyaya qarşı kombinə olunmuş vaksin (GDTHibHepB) aldıqda bu xəstəliyə yoluxmurlar".