Gizli başlayır: Autoimmun xəstəliyinin cərrahi müalicəsi yoxdur

Bəzən ləkələr əmələ gəldikdən əvvəl dəridə qaşınma, qarışqaların yeriməsi hissi, arabir sancma hiss oluna bilər


  Türkiyədə müalicədə olan bəstəkar Cavanşir Quliyev bir neçə ildir nadir xəstəlikdən əziyyət çəkir.
Son zamanlar aparılan müalicə və steroid dərmanların təsirindən üzü və bədəni şişən bəstəkar müsahibələrində nadir autoimmun xəstəlikdən əziyyət çəkdiyini bildirmişdi.
  Cavanşir Quliyev dəqiq diaqnozunun adını heç vaxt açıqlamayıb: “Mənim bir xəstəliyim var: ağır və üzdə görünən xəstəlik deyil, amma onu boş buraxsan, adamı öldürər.
  Autoimmun xəstəliklərdəndir. 5 milyon adamdan birində aşkarlanır. Azərbaycanda iki nəfərdə var. Belə xəstələrdə bədəndəki maye qabarcıqlar şəklində müxtəlif yerlərdən çıxır. Müalicə ilə xəstəliyi nəzarətdə saxlamaq mümkündür. Bunun üçün bir dərman var, ömür boyu qəbul etmək lazımdır. Çox güclü dərmandır, əks-təsirləri də olur”.
  Qeyd edək ki, autoimmun xəstəliklər immun sistemin funksiyasının pozulması və öz-özünə düşmən kəsilməsidir. Bu zaman hansısa orqanda, toxumada hüceyrələr özü-özünə hücum edib, həmin orqanı məhv etməyə başlayır. Yəni immun sistemin özünü tanıma proqramı pozulur.
Sistem xəstəliklər başlayır, çünki zamanla digər orqan və toxumaların da zədələnməsi baş verir.
Autoimmun xəstəliklərin dəqiq səbəbi məlum deyil. İrsi olaraq keçə bilir, iltihabi xəstəliklər, viruslar, stress və immunitetin özəlliyindən qaynaqlana bilir.
Məsələn, çox insanlarda müharibədən, eləcə də, pandemiya və Koviddən sonra baş qaldırıb. 100 faiz müalicəsi yoxdur.
Görünür, xəstəlik Cavanşir Quliyevdə əsas orqanları zədələyib və onun ürəyi, böyrəyi, beyni əməliyyat oluna bilər. Autoimmun xəstəliklərin cərrahi müalicəsi yoxdur. Onu da deyək ki, revmatoid artrit, sklerodermiya, sistem qırmızı qurd eşənəyi, vaskulitlər, Şeqren sindromu, sarkoidoz  kimi  nadir rast gəlinən xəstəliklər autoimmun hesab edilir.
  Mütəxəssislərin  dediyinə görə, revmatoid artrit ən çox rast gəlinən  iltihablı oynaq xəstəliyidir. Bu xəstəlikdə oynaqlarda ağrı, şişkinlik, sərtlik və funksiyaların itirilməsi müşahidə edilir. Revmatoid artrit illərlə davam edən və vaxtaşırı alovlanan xroniki xəstəlikdir.
  Birləşik toxuma qarışıq xəstəlikləri, sistem qırmızı qurd eşənəyi, artiozlaşdırıcı spondilit, biosratik artropatiya, reaktiv artritlər və bu kimi çoxsaylı revmatik xəstəliklər günümüzdə həllini tapmayan xəstəliklər sırasındadır. Revmatik xəstəliklər zamanı əksər orqan və toxumalar, o cümlədən oynaqlar, dəri, sinir, böyrəklər, ağciyər, ürək, bağırsaq, baş-beyin zədələnir.

  Autoimmun xəstəliklər barədə danışan həkim-cərrah Məhəmməd Davidov isə “Sherg.az”a açıqlamasında deyib ki, immun sistemimiz orqanizmi bakteriyalar, mikroblar, viruslar və s. kimi sağlamlıq üçün təhlükə yarada bilən faktorlardan qoruyur, onlarla mübarizə edir. Bəzən isə  immun sistemimiz orqanizmin öz sağlam hüceyrələrinə hücum etməyə və onları məhv etməyə başlayır. Bu, autoimmun xəstəlikdir:
 “Autoimmun xəstəliklərin inkişaf etmə səbəbləri hələ ki tam məlum deyil. Məsələn, vitiliqo xəstəliyi qazanılmış xroniki xəstəlikdir. Bu xəstəliyin əsas simptomu xəstənin dərisində əmələ gələn ağ rəngdə ləkələrdir.
  Dəridə olan "melanin" adlı xüsusi piqmentin (məhz bu piqment bizim dərimizi adi normal rəngə "boyayır") azalmasına və ya yoxluğa görə, bu ləkələr adətən böyüməyə, bir biri ilə birləşməyə, yeni yerlərdə əmələ gəlməyə meyillidirlər. Ləkələrin ölçüləri, formaları və yerləşməsi hər bir xəstədə fərdidir. Xəstəlik adətən cavan yaşlarda (hətta südəmər uşaqlarda) başlayır. Xəstəlik adətən gizli şəkildə başlayır. Bəzən ləkələr əmələ gəldikdən əvvəl dəridə qaşınma, qarışqaların yeriməsi hissi, arabir sancma hiss oluna bilər.
Adətən xəstəlik uzun illər, hətta insanın həyatının sonuna qədər davam edir. Çox nadir hallarda xəstəlik özü-özünə keçə bilər.
Vitiliqo probleminin əsas aktuallığı onun xəstənin psixo-sosial statusuna təsiri ilə bağlıdır. Məsələ burasındadır ki, bu xəstəliyi olan insanların əksəriyyəti böyük psixoloji sıxıntılar yaşayır, özünə qapanır, insanlarla ünsiyyətdən qaçırlar”.

  Həkimin sözlərinə görə, haşimoto xəstəliyi də autoimmun adlanan xəstəliklər qrupuna aiddir. Haşimoto xəstəliyi  qalxanabənzər vəzin funksional yetməzliyinə ən çox səbəb olan xəstəlikdir:
 "Bu xəstəlik zamanı orqanizm özü öz orqanını tanımır, onu yad bir orqan kimi qəbul edərək yox etməyə çalışır. Haşimoto tireoiditi zamanı qanda çoxlu miqdarda anti-tpo və anti-tg antitelləri yaranır. Bu antitellər qalxanabənzər vəzi hüceyrələrini məhv edirlər və iltihabi proses nəticəsində qalxanabəznər vəz hüceyrələri azalır. Hormon ifraz edən hüceyrə sayı azaldığı üçün tireoid hormon yetməzliyi (tənbəl zob) yaranır.
  Şeqren xəstəliyi zamanı isə insanın immun sistemi xarici sekresiya vəzlərini  zədələyir ki, onlarda iltihab yaranır və vəzlər tədricən məhv olur. Nəticədə ağız və gözlərin selikli qişaları qurumağa başlayır. Xəstədə ağız suyunun miqdarı azalır, ağız suyu daha qatı olur, ağızda daim quruluq hiss olunur, dodaqlar quruyur, üzərində qabıqlar, dildə və ağzın kənarlarında çatlar əmələ gəlir. Yemək yedikdə ağız suyu qidanı isladır ki, bu, udma prosesini asanlaşdırır. Şeqren xəstəliyi zamanı insan quru qidaları qəbul etdikdə əziyyət çəkir, qidanı uda bilmir, qida qəbulu zamanı tez-tez su içməli olur. Ağız suyunun az olması kariesin daha da sürətli inkişafına səbəb olur. Qulaqətrafı tüpürcək vəziləri böyüyür ki, insanın üzünün forması dəyişilir. Gözlərdə yanma, işıqdanqorxma hissi yaranır, göz qapaqları qızarır və iltihablaşır”.

  Həkimin sözlərinə görə, seliak xəstəliyi  isə qlüten zülalına qarşı genetik dözülməzliyi olan şəxslərdə rast gəlinən nazik bağırsağın autoimmun iltihabi xəstəliyidir: 
“Seliak xəstəliyinin əsas əlamətləri xroniki qida maddələrinin sorulmasının pozulması, çəki itirilməsi,  “Keratosis Pilaris” – qolların arxasında “toyuq dərisi” görüntülü səpkilər, miqren tutmaları, beyinin dumanlanması, daimi yorğunluq hissi, depresiya və  duyğu dalğalanmalarıdır. Psoriaz xəstəliyinin də autoimmun təbiətli olması güman edilir. Dərinin qeyri-infeksion xəstəliklərinə aid olub, əsasən dərini zədələyən dermatozdur. Vizual olaraq dəridə həddən artıq quru, qırmızı və dəri səthindən qabarmış ləkələr müəyyən olunur. Bu ləkələr psoriatik ləkələr adlanır. Psoriatik ləkə zonasında xroniki iltihabın yaranması, limfosit, makrofaq və keratinositlərin proliferasiyası, həmçinin angiogenez prosesinin başlanması  nəticəsində dəridə qabarma yaranır. Qabarmanın rəngi solğun bozumtul və ya gümüşü rəngdə olub, soyuyub donmuş mum və ya parafini xatırladır (parafin gölməçələri). Psoriatik ləkələr əsasən bədənin daha çox sürtünməyə və ya təzyiqə məruz qalan zonalarında – diz, dirsək və sağrı nahiyələrində yaranır. Psoriaz xroniki xəstəlik olub dalğavari gedişə malikdir, alkoqol qəbulu, siqaret, stress, bəzi dərman preparatları və interkurrent infeksiyaların təsirindən kəskinləşir, residivləşir, bəzən də spontan sağalma müşahidə edilir. Xüsusilə, sabun, yuyucu toz, spirtli məhlullar, ətirlər, kimyəvi-məişət məhsullarından çox istifadə etdikdə, mexaniki zədələr çox olduqda, həmçinin dəridə xroniki piodermiya, göbələk xəstəlikləri olduqda psoriaz baş verir. Xəstəliyin müalicəsi kifayət qədər çətindir.  Psoriaz xəstəliyi insanların həyat keyfiyyətini aşağı salır, psixoloji və fiziki diskomfort yaradır”.