Bloger: Əllə yazmaq beyin üçün faydalıdır

Beyni lazımsız informasiyanı blok etməyə, eləcə də, diqqəti bir yerə cəmləməyə məcbur edir

  XX əsrdə əvvəlcə internetin kəşf olunması, ardınca isə smartfonların, sosial şəbəkələrin insan həyatına daxil olmasıyla bəşəriyyət tamam başqa bir mərhələyə qədəm qoydu: Virtual reallıqlar mərhələsinə. Əlyazmalar “word” oldu, kağız kitab “e-book” oldu.
  Gözünü açıb planşetləri, smartfonları, elektron kitabları görən yeni nəslə əllə yazı yazmaq  mənasız bir iş kimi görünür. Kompüterlər hətta yazmağı qələmlə öyrənən orta və yaşlı nəsil nümayəndələrinə belə əllə yazmağı unutdurub.  Hətta Finlandiya kimi ölkələrdə, məsələn, yazılı dərslər tamamilə ləğv edilərək makina yazıları dərsi ilə əvəzlənib. ABŞ-nin əksər ştatlarında da əllə yazmağı öyrənmək tələbi təhsilin başlıca standartlarından çıxarılıb. Uşaqlara əvvəlki kimi kağız üzərində əllə yazmağı öyrədilən ştatların sayı azdır.
Alimlər isə hesab edir ki, əl ilə yazmaq beyni daha yaxşı inkişaf etdirir.
Bu barədə “Frontiers in Psychology” jurnalında dərc olunan araşdırmada bildirilib.
  Alimlər 36 universitet tələbəsindən elektroensefaloqramma (EEQ) vasitəsilə toplanmış beyin fəaliyyəti məlumatlarını təhlil ediblər. Beyin fəaliyyətini ölçərkən onlardan bir neçə dəfə qələmlə yazmaq və ya ekranda görünən sözü klaviaturada yazmaq tapşırılıb. Onlar əl yazısı üçün rəqəmsal qələm və sensor ekrandan istifadə edib, klaviaturada yazarkən düymələri bir barmaqla basıblar.
  İştirakçılar qələmlə yazanda beynin müxtəlif nahiyələrində aktivlik artıb, lakin klaviaturada yazanda belə olmayıb. Alimlər hesab edirlər ki, qələmdən istifadə zamanı hisslərdən alınan informasiya beyində öyrənmə üçün zəruri olan əlaqələrin formalaşmasına daha yaxşı kömək edir. Klaviaturada yazarkən sadəcə düymələrə basılır ki, bu da beyni daha az stimullaşdırır.
  Alimlər qənaətə gəliblər ki, klaviaturada yazmağın bir çox faydası (sürət də daxil olmaqla) olsa da, vaxtaşırı əlyazmalardan istifadə etməyə dəyər.
Bir çoxları üçün qələmlə yazmağın  arxa plana keçdiyini vurğulayan sosial media mütəxəssisi, texno-bloger  Barış Özcanın fikrincə, bunun səbəbi  qələmlə kağızın yorucu olması və korrektə imkanlarının olmaması ilə izah edilir.
 “Sherg.az” texno-blogerin sosial media hesabına istinadən xəbər verir ki, insan kompüter deyil və  işimiz  də bilgini alıb depolamaq olmamalıdır: “Eşitdiklərimizi sonradan yada salmaq, öyrənmək üçün qeydə alırıq. Daha sonra baxmasaq belə, kağız və qələmlə qeydə aldığımız məlumatları beynimizdə axtarmaqla, fikirləşməklə yada sala bilirik. “Öyrənməyin ən yaxşı yolu öyrətməkdir”  deyimində olduğu kimi. Qələmlə yazarkən əslində o an öyrəndiyimizi özümüzə öyrətməyə başlayırıq.  Kağız-qələmlə yazarkən yaratdığnız bir dizayn var: əl yazısı. Bu dizaynda çox yaxşı olanlara  xəttat deyilir. Əl yazısı şəxsiyyət olaraq özəlliyimizin bir parçasıdır. Eynilə barmaq izimiz kimi, sadəcə bizimdir. Həm də buna görə məhkəmə işlərində əl yazısı analizi edilə bilər və tapılmış izlər dəlil olaraq qəbul edilə bilər. Mübahisəli bir sahə olmaqla birlikdə əl yazısından xarakter təhlili etməyə çalışan qrafoloqlara görə, eynilə bədən dili, vücud dili kimi bir əl yazısı dili də var və insanın şəxsiyyəti haqqında bilgi verir. İnsan olmağın bütün özəlliklərini, rənglərini, çeşidliliyini daşıyır. Hətta 8 yaşında yazdığınız bir yazı ilə indi yazdığınız yazı; hirsliykən, sevincliykən yazılan yazılar belə bir-birindən fərqli, amma eynidir. Sizinlə birlikdə dəyişir. Xarakterinizdən izlər daşıyır. Fərqli əllərlə yazsanız da, fərqli yazmağa çalışsanız da, siz sizsiniz, özünüzü gizlədə bilməzsiniz. Bir də bu yazıların sadəcə klaviaturada yazıldığını düşünün. Nə qədər çox şey itiririk?!

  Bloger Eldar Səidov isə “Sherg.az”a açıqlamasında deyib ki, hələ ki insanlar əl ilə yazmağı unutmayıblar. Amma bu, müvəqqətidir:
"Bu gün klaviatura bir çox hallarda bizim üçün kağız və qələmi əvəz edib. Bəlkə də elə bu yaxşıdır. Məncə, qələm klaviaturadan kəskindir deyəndə bir növ analoq üsulla rəqəmsal üsulu qarşı-qarşıya gətirmiş oluruq. Halbuki hər iki yöntəmin də özünə görə üstünlüyü və çatışmazlıqları var.  Lakin əllə yazan insanlar klaviaturada yazanlara görə daha yaxşı öyrənirlər. Bu bir reallıqdır.  Əl ilə yazmaq tək yazı sürətini artırmaq üçün deyil, həm də beyin üçün əsl məşqdir. Yazı aktı hərəkət bacarıqlarını və yaddaşın itiliyini inkişaf etdirir. Bundan başqa, bu, qocalıq zamanı ağlın fəallığını və aydınlığını qoruyub saxlayır”.
 
 E.Səidovun sözlərinə görə, vacib məlumatı əli ilə yazmaq onu uzun müddət yadda saxlamağın və öyrənməyin ən effektiv üsuludur:
"Məsələ ondadır ki, əli ilə yazarkən beynin retikulyar aktivləşmə sistemi adlanan hissə işə düşür. Bu sistem də yazı zamanı yazılan informasiyanı ən “vacib” olan kimi qəbul edir və yadda saxlama prosesinə kömək edir. Bir çox məşhur yazıçılar öz romanlarını kompüter və yaxud çap maşınında yazmağı deyil, məhz əl yazısı ilə yazmağa üstünlük verirlər. Yaxud da ardını kompüterdə yazmağa başlamamışdan öncə ilk sətirlərini əl ilə yazmağa başlayırlar. Yazıçılar belə hesab edirlər ki, əl ilə yazarkən lazımi fikirlər daha tez və rahatlıqla əldə edilir. Bundan başqa, qaydalara görə, yazının sürəti təxmini olaraq fikirlərin sürəti ilə uyğunlaşır. Klaviatura üzərində olan barmaqla bu fikri geridə qoyurlar. Bir fikir üzərində ətraflı düşünməmiş artıq ikinci fikir yaranır”.