Çünki böyüklər arasında xəstəliyə yoluxanlar hələ çoxdur
Pediatr Vaqif Qarayev uşaqlar arasında qızılca xəstəliyinə yoluxmada nisbətən azalma olduğunu təsdiq edir
Qızılca xəstəliyinin hazırda respublika üzrə olduğu kimi təhsil müəssisələrində də azalması müşahidə olunur. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatında bildirilir ki, ümümtəhsil, məktəbəqədər və digər təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi təmin edilir. Termometriya rejiminin təşkili, qızılca xəstəliyinə şübhəli uşaqların dərhal sağlam uşaqlardan təcrid olunmasına nəzarət aparılır. Qızılca hadisəsi qeydə alınan siniflərdə şagirdlər tibbi müşahidəyə götürülür. Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma, əsasən, uşaqlar arasında müşahidə edilib. 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub.
Pediatr Vaqif Qarayev də “Sherg.az”a açıqlamasında uşaqlar arasında qızılca xəstəliyinə yoluxmada nisbətən azalma olduğunu təsdiq etdi. Eyni zamanda “amma böyüklər arasında yox”, dedi. Və əlavə etdi ki, bunu sosial şəbəkələrdəki paylaşımlardan da görmək mümkündür:
- Yəni yoluxma stabilləşib demək hələ tezdir fikrimcə. Çünki böyüklər arasında xəstəliyə yoluxanlar hələ çoxdur. Təki stabilləşsin, hamımız bunu arzulayırıq. Amma yenə kədərli məlumatlar yayılır. 14 yaşlı qızın qızılcadan vəfat etdiyi bildirilir. 3-4 gün əvvəl olub bu hadisə. Xəbərə görə, qızcığaz Sabunçu Tibb Mərkəzinin nəzdindəki Məhəmmədi Modul Tipli Xəstəxanasına gətirilib. Məlum olub ki, fevral ayının əvvəlindən onda infeksion mənşəli xəstəliyə yoluxma halı qeydə alınıb. Xəstəxanaya gətiriləndə vəziyyəti son dərəcə ağır imiş, şok vəziyyətində, intoksikasiya əlamətləri varmış. Ona qızılcanın ensefalitlə ağırlaşması, kəskin tənəffüs çatışmazlığı, ürək-damar çatışmazlığı, kəskin böyrək çatışmazlığı, hipovolemik şok diaqnozu təyin edilib. Fevralın 13-də vəziyyəti pisləşib, tənəffüs və ürək-damar çatışmazlığı əlamətləri qeyd edilib. Həmin gün saat 19:40 radələrində pasiyentdə ürək fəaliyyətinin dayanması halı baş verib, aparılan reanimasion tədbirlər nəticə verməyib. Ölüm səbəbi kəskin ürək-damar, tənəffüs çatışmazlığı və kəskin böyrək çatışmazlığı olaraq qeyd edilir. Bu, rəsmi məlumatdır. Təəssüflə yenə bildirirəm ki, indiki qızılcanın ölümcül ağırlaşmalarına daha sıx rast gəlirik. Valideynlərə çağırış edirəm ki, təhlükəli hal müşahidə etdikdə vaxt itirməsinlər, dərhal həkimə müraciət etsinlər. Uşaqları vaxtlı-vaxtında peyvənd etdirsinlər. Qızılcanın ağırlaşmaları ölümlə nəticələnə bilər. Vaxt itirmək olmaz.