Azərbaycan səhiyyə nazirinin müvafiq əmrinə əsasən, profilaktik peyvəndlər təqvimində dəyişikliklər edilib.
Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təqvimə GDT Hib HepB İPV (Heksavaksin) peyvəndi əlavə olunub.
Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi “Vaksinasiyaya dəstək” layihəsi çərçivəsində hazırlanıb.
Tibb elmləri doktoru professor, Adil Qeybulla "Sherg.az"a bildirib ki, Dünya Səhiyyə Təşkilatının və UNİCEF -in birgə uşaqlarda infeksion xəstəliklərinin profilaktikası məqsədi ilə tövsiyyə etdiyi 13 adda vaksin var:
“Bu vaksinlərin hər biri uşaqlara ayrı-ayrı yaş qruplarında vurulur. Bunlar üçün də hər bir ölkədə Milli peyvənd təqvimi nəzərdə tutulub. Həmin təqvimə uyğun müxtəlif yaş qruplarındakı uşaqların peyvəndləri vurulmalıdır. Bu gün təqdim edilən Hib HepB İPV (Heksavaksin) həmin Milli peyvənd qrupundakı vaksinlərin bir yerdə birləşdirilməsindən ibarətdir. Bundan əvvəl AKDS deyilən vaksin var idi və Milli peyvənd təqviminə daxil idi. AKDS vaksininə göy öskürək, difteriya və tetanus daxil idi. Heksavaksin isə AKDS üzərinə başqa üç vaksində əlavə olunub. Onlar bir yerdə 6 vaksin polivalent şəklində təyin edilir. Hepatit B poliomielit və influenza virusudur. İnfeksiyalara qarşı uşaqlara 6 adda vaksin vurulur. Bu milli peyvənd təqvimini daha da asanlaşdırmaq üçün nəzərdə tutulub. Çünki valideynlər antivaksin təbliğatına uyaraq vaksin olmaqdan yayınırlar. Bunun nəticəsində uşaqlarda müxtəlif fəsadlar, o cümlədən də bəzi infeksiyaların fəallaşmasını görürük. Hesab edirəm ki, vaksindən yayınmaq lazım deyil. Valideynlərə peyvəndin vaxtında icra edilməsi tövdiyyə edirəm”.