Autizm son vaxtlar erkən uşaqlıq dövründə ən geniş yayılan xəstəliklərdən biridir. Belə ki,bir çox valideyn uşağının üç yaşında danışmağa başlamamasını, heç kəslə ünsiyyət qurmamasını uşağın şəxsiyyətinə xas bir xassiyət kimi qəbul edir. Buna görə həkimlərdən autizm diaqnozu eşidəndə uzun müddət buna inanmaq istəmirlər. Autizmli bir uşaq isə ona bənzəməyən insanların arasında onları başa düşə bilmədiyi üçün narahatlıq hiss edir.
Maraqlıdır, görəsən autizmin çox yayılmasına səbəb nədir? Bu xəstəliyin əlamətləri və onu yaradan əsas nüanslar hansılardır?
Məsələni dəyərləndirən professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, autizm sinir sisteminin davranışa olan pozuntularından biridir:
"Kiçik yaşlarda bir çox uşağın kommunikasiya və sosiallaşma vərdişlərinin pozulması müşahidə olunur. Bu ağır və yüngül dərəcədə ola bilər. Əslində, autizm bir xəstəlik kimi nəzərdə tutulmur. Bu müxtəlif səbəblərlə bağlı olan beyin qabının səthi neyronlarının arasındakı assosiativ əlaqələrin pozulmasından baş verir. Ola bilər ki, uşaq öz-özlüyündə intelektual səviyyəsi yüksək olsun, ancaq sosiallaşma imkanlarından qaçsın. Belə uşaqlara yaxınlaşdıqda, təmas qurduqda ünsiyyətdən qaçır və ağlayır. Bir sözlə, passiv rabitəyə malik olur. Məsələn, həmin uşağa nəsə dedikdə çox vaxt cavab vermir. Qeyd etdiyim əlamətlər uşaqda autizmin olduğundan xəbər verir. Bunun müalicəsi yoxdur. Ancaq müəyyən vərdişlər əsasında bu cür uşaqların sosiallaşması üçün yeni proqramların, davranış qaydalarının hazırlanması həyata keçirilir. Fikrimcə, günümüzdə autizmin geniş yayılmasında bir çox amilin rolu mövcuddur. Burada stress, qidalanma faktoru, bədənə daxil olan sərbəst radikalların, qohumluq əlaqələrinin önəmi var. Hər 100 uşaqdan birində autizm yüngül dərəcədə qeydə alınır. Bu artıq orta statistikadır. Hər bir ailə üçün əlavə yük və qayğıdır. Bu cür uşaqların doğulmasının qarşısını almaq üçün isə mümkün qədər genefondun sağlamlaşması istiqamətində işlər görməliyik. Bunun üçün idman, fiziki aktivliyin artması, az qida qəbulu mühüm şərtdir".