Son illər qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadınların sayı artıb. Hətta həkim analizlərində göstəriciləri normal olan, ciddi problem yaşamayan qadınlarımız belə, qeysəriyyə əməliyyatına üz tuturlar. Hər bir cərrahi müdaxilə insan orqanizmində müəyyən izlər qoyur. Qeysəriyyə əməliyyatı da istisna deyil. Hazırda bu əməliyyat dünyada ən çox yayılmış on əməliyyatdan biri hesab edilir.
Maraqlıdır, qeysəriyyə üsulu ilə ana olanların sayı niyə durmadan artır? Qeysəriyyə yoxsa təbii doğuş daha risklidir?
Məsələyə münasibət bildirən ginekoloq Təranə Həsənova “Sherg.az”a deyib ki, qeysəriyyə və təbii doğuşun özünə görə, riskləri var :
"Bu səbəbdən onları müqayisə etmək doğru deyil. Son vaxtlar tək Azərbaycanda deyil, bütün dünyada qeysəriyyə əməliyyatları təbii doğuşu üstələyib. Bir ginekoloq kimi filrimcə, gələcək 10 ildə bir doğumevində il ərzində təxninən, 200-250 təbii doğuş olacaq. Yəni, çox sürətli şəkildə qeysəriyyə əməliyyatı ilə ana olanların sayı artıb. Bunun isə bir neçə səbəbi var. Əvvəla, pasientlər qəribə şəkildə daha çox qeysəriyyəyə üstünlük verirlər. Heç doğuş sancısının nə olduğunu bilməyən, təcrübəsiz, ana olmağa hazırlaşan xanımlar problem olmasa belə, həkimlə dirəşərək təbii doğuşa qəti etirazlarını bildirirlər. İndiki qadınlar dəb xatirinə qeysəriyyəyə üstünlük verirlər. Məsələn, söyləyirlər ki, filankəs adlı-sanlı klinikada qeysəriyyə əməliyyatı olunub. Bəs, mən niyə özümə əziyyət verib "səviyyəsiz" yerdə təbii doğuş edim? Mənə "çuşka" deyərlər. Hətta, bu prossesdən keçənlər ana olmağa namizəd olanlara deyirlər ki, təbii doğuş etməklə niyə və nəyə görə əziyyət çəkəsən? Bu təsir altında onlar düşünürlər ki, doğuş sancısı ölümə bərabərdir. Halbuki, bütün nəslindəki qadınlar övladlarını təbii doğuşla dünyaya gətiriblər. Bunu pasientlərə başa salmağa çalışsaq da anlamırlar. Cavabında deyirlər ki, hər şey əvvəlki dövrdə olduğu kimi deyil. Əlavə olaraq, doğuş prossesi uzun vaxt tələb edir. İlk dəfə doğuş edənlər 12, 16, 32 saat ərzində sancı çəkir. Buna görə də həkim səbrli olmalıdır. Təəssüf ki, hər həkim səbrli deyil. Həkimlərin əksəriyyəti də qeysəriyyənin sadə yolla olduğunu düşünərək pasientlərə bu üsulu tövsiyə edirlər".