Kişilərdə xərçəng riski: Ölüm halları 93 faiz artacaq

Yeni araşdırmaya görə, 2050-ci ilə qədər kişilər arasında xərçəngə yoluxma hallarında 84 faiz, xərçəngdən ölümlərdə isə 93 faiz artım olacaq. Kişilərdə xərçəng hadisələrinin və ölüm hallarının artmasının səbəbləri arasında piylənmə, cəmiyyətin qocalması və risk faktorlarına məruz qalmanın artması göstərilir.

Sherg.az xəbər verir ki, elmi araşdırma Amerika Xərçəng Cəmiyyətinin “Cancer” elmi jurnalında dərc olunub.

Müvafiq olaraq, 2022-ci ildən 2050-ci ilə qədər kişilərdə xərçəng hadisələri yüzdə 84, xərçəngə bağlı ölümlər isə yüzdə 93 artacaq.

Bəs, kişilərdə xərçəng hadisələrinin və ölüm hallarının bu dramatik artmasının səbəbləri nədir?

Məlumdur ki, kişilərdə xərçəngə tutulma riski qadınlara nisbətən 43 faiz çoxdur. Bu fərqin səbəbi kişilərin qadınlara nisbətən xərçəngə səbəb ola biləcək risk faktorlarına daha çox məruz qalmasıdır.

Kişilər daha çox siqaret və spirt istehlak edərkən, iş yerində daha çox kanserogen maddələrə də məruz qalırlar.

Həmçinin qeyd olunur ki, kişilər xərçəngin erkən aşkarlanması və diaqnostikası tədbirlərinə qadınlara nisbətən daha az diqqət yetirirlər.

2050-ci ilə qədər ən çox görülən xərçəng növünün yenidən ağciyər xərçəngi olacağı bildirilir.

Mütəxəssislər siqaret çəkməyənlərin xərçəngə tutulma riskinin siqaret çəkənlərə nisbətən daha az olduğunu vurğulayırlar.

Xərçənglə mübarizədə müvəffəqiyyətin ən mühüm addımlarından birinin erkən diaqnoz olduğu bildirilir. Mütəxəssislər xüsusilə yaşlı kişiləri zəruri xərçəng testlərinə laqeyd qalmamağa çağırır.

Ümumdünya Səhiyyə Təşkilatının bu il dərc etdiyi başqa bir araşdırmada 2050-ci ilə qədər dünyada xərçəng hadisələrinin 77 faiz artacağı proqnozlaşdırılıb.

ÜST bu artımın əhalinin yaşlanması, havanın çirklənməsi, tütün və alkoqol istifadəsi və piylənmə kimi amillərin səbəb olacağını proqnozlaşdırıb.