Adil Qeybulla: Meymunçiçəyinin pandemiyaya çevrilmək riski yoxdur, amma...

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Ancaq vətəndaşlar yeni pandemiyanın başlayacağından narahatdırlar.
Belə ki, Baku.ws-in "qaynar xətti"nə gələn sorğuların çoxu valideynlərin meymunçiçəyinin yayılma riski ilə bağlı tədrisin onlayn olacağı və ya vaxtının dəyişdiriləcəyi ilə bağlı olub.
Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Mətbuat Xidmətindən bildirilib ki, yeni tədris ilinə hazırlıq məqsədilə təhsil müəssisələrində müvafiq ixtisaslaşmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir:
"Hər hansı bir xəstəliyə kütləvi yoluxma halı baş verdikdə təhsil müəssisəsinin bağlanması, tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar digər aidiyyəti qurumlar tərəfindən verilir. Bildiririk ki, məktəblilər arasında hər hansı xəstəliyə yoluxma ilə bağlı statistik məlumatı aidiyyəti səhiyyə qurumu müəyyən edir. Buna baxmayaraq, ənənəvi qaydada məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilir. Səhhətində narahatlıq müşahidə edilən məktəblilər tibb bacısı və ya həkim tərəfindən ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi təmin edilir. Valideynlərə tövsiyə edilir ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduqları halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olmaları məqsədəuyğun deyil".



Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, infeksiyanın pandemiyaya çevrilməsi uzun prossesdən keçir:

“Epidemiya bir neçə şəxsin və ya qrupun içərisində yayılan hər hansı bir infeksiyanın müəyyən bir arealda mövcud olmasıdır. Məsələn, Azərbaycanda və ya başqa bir ölkədə infeksiya yayılırsa, artıq bu epidemiyadır. Ancaq pandemiya, infeksiyanın bir neçə ölkəni aşması, hətta ayrı-ayrı dövlətlərə keçməsidir. Qlobal pandemiya isə bütövlükdə dünyanı əhatə edir. Meymunçiçəyi virusu çiçək kimilər qrupuna aid olsa da, pandemiyaya çevrilmək riski yoxdur. Ümumiyyətlə təbii çiçək çox kantagoz və xüsusi təhlükəli imfeksiyadır. Bu xəstəlik vaxtıilə böyük pandemiyalar yaradaraq milyonlarla insan tələfatına səbəb olub. Ancaq meymunçiçəyinin bu cür pandemiya yaratmaq riski və ehtimalı çox aşağıdır. Düzdür, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xüsusi fövqaladə hal elan edib. Hesab edirəm ki,  bu düzgün addımdır. Çünki Corona virus pandemiyasından aldığımız dərslər ehtiyyatlı olomağı göstərirdi. Mən düşünmürəm ki, meymunçiçəyi virusu bu cür pandemiyalar yarada bilər. Lakin istənilən halda bütün sürprizlərə hazır olmaq lazımdır. İnfeksiyanın vaxtında lokallaşdırılması və aradan qaldırılması üçün ÜST-ün tövsiyyələri əsasında hərəkət etməli, transsərhəd keçid zonalarında nəzarəti gücləndirməli və əhalinin maarifləndirilməsi işini artırmalıyıq. COP29 ərəfəsində məktəblər onlayn təhsilə keçə bilər. Lakin bu virusa görə məktəblərin distant təhsilə keçirilməsinə ehtiyyac olduğunu düşünmürəm”.