Professor: Bu peyvənd poliklinikalarda olmalı və uşaqlara pulsuz vurulmalıdır

Bəzi dövlət tibb müəssisələrində qızılcaya qarşı peyvənd tapılmır. Məlumata görə, artıq 2-3 aydan çoxdur ki, ölkədəki əksər dövlət xəstəxanalarına qızılcaya qarşı peyvənd gətirilmir. Özəl müəssisələrdə isə vaksinlər ödənişli əsaslarla edilir. Bunun isə qiyməti olduqca bahadır.
Bununla bağlı “Unikal”ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, növbəti dövr üçün peyvənd ehtiyatları artıq ölkə ərazisindədir:
“Rəsmiləşdirilmə prosesi ən qısa zamanda yekunlaşacaq və peyvəndlər tibb müəssisələrinə paylanacaq. Hər hansı peyvənd çatışmazlığı olan tibb müəssisələrinin təcili olaraq anbar ehtiyatlarından təmin olunması ilə bağlı göstəriş verilib”.
Bəzi özəl klinikalarda qızılcaya qarşı peyvəndlərin qiyməti isə aşağıdakı kimidir:
“Leyla Medical Center” – 180 manat;
“Medera Hospital” – 200 manat;
“Modern Hospital” – 200 manat (avqustun 29-dan sonra olacaq);
“Liv Bona Dea Hospital Baku” – 200 manat;
“Baku Medical Plaza” – 200 manat.

Məsələyə münasibət bildirən professor Adil Qeybulla “Sherg.az”a deyib ki, qızılca peyvəndi Milli peyvənd təqviminin içərisinə daxil olan vaksinlərdən biridir:

“Uşaqlar qeydiyyatdan keçərək poliklinikalarda qızılca peyvəndi pulsuz vurulur və mübadilə kartı dediyimiz vəsiqədə qeydiyyata alınır. Bir ara qızılca ilə bağlı epidemiya oldu. Ola bilsin ki, vaksinin tükənməsi bununla bağlıdır. Lakin bu peyvənd poliklinikalarda olmalı və uşaqlara da pulsuz vurulmalıdır. Əslində bir müddət anaların peyvənddən yayınması pis vəziyyətə gətirib çıxardı. Hesab edirəm ki, Milli peyvənd təqviminə daxil olan bütün vaksinlər uşaqlara vaxtında və düzgün vurulmalıdır”.