Şəmkir şəhər sakini, 1984-cü il təvəllüdlü Qoşqar Əliyev sentyabrn 30-u saat 21:00 radələrində xəstəxanaya müraciət edib və ona verilən dərmanın şokundan ölüb. Rayon prokurorluğu faktla bağlı araşdırma aparır.
Hadisəyə münasibət bildirən Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a bildirib ki, dərmanlara qarşı hər bir orqanizmin reaksiyası fərqlidir:
''Dərmanın insanı şoka salması orqanizmin həssaslığından asılıdır. Məsələn, həkim eyni bir molekulu xəstələrə təyin edir, lakin bu fərqli reaksiya verə bilir. Burada nə dərmanın tərkibində, nə də həkimdə günah yoxdur. Hər bir insan hansı dərmana qarşı həssaslığı olduğunu bilməlidir. Günümüzdə orqanizmin həssaslığı özünü daha çox antibiotiklərdə göstərir. Əslində hər bir orqanizmin həssaslığını yoxlayan analizlər mövcuddur. Lakin vətəndaşların çoxu müayinə olunmaqdan, analiz verməkdən qaçırlar. Dərmandan şoka düşərək ölüm hadisələri daha çox insanların evdə özünü müalicə etmələri nəticəsində baş verir. Vətəndaşlar dərmanın tərkibini, dozanı bilmədən onları aptekdən əldə edirlər. Anafilaktik şokun ilkin əlamətləri meydana çıxan kimi, dərhal təcili yardım çağırmaq lazımdır. Özünüz isə ilk tibbi yardım göstərməyə başlayın. İmkan olduğu halda dərmanın qan damarları vasitəsi ilə yayılmasının qarşısını almaq üçün iynə vurulan yerdən yuxarıda jqutla bağlamaq (arteriyaları sıxmadan), iynə vurulan yerə isə buz qoymaq lazımdır. Unutmamalıyıq ki, bir çox hallarda orqanizm üçün şokun fəsadları çox ağır ola bilər''.