Şirniyyatların tərkibindəki kimyəvi maddələr təhlükə mənbəyidir - Qida mütəxəssisi

Qida mütəxəssisi qeyd edir ki, rafinə olunmuş şəkər təbii şəkərlə əvəz edilməlidir

ABŞ-nin Qida və Dərman Agentliyi (FDA) ərzaq və içkilərdə geniş istifadə edilən “Qırmızı No.3” adlı sintetik boyanın qida tədarük zəncirindən çıxarılmasına dair qərar qəbul edib. Bu qərar elmi adı “FD & C Red No. 3” olan qatqının potensial xərçəng riski ilə əlaqədardır. Bu barədə Anadolu Agentliyi xəbər verib. Məlumatda bildirlir ki, “Qırmızı No.3” boyası xüsusilə qənnadı məhsullarında, konfetlərdə və bəzi qəlyanaltılarda rəngləmə məqsədilə istifadə olunurdu. Lakin laboratoriya siçanları üzərində aparılan tədqiqatlar maddənin xərçəngə səbəb ola biləcəyini ortaya qoyub.

 Bu səbəbdən FDA bu qatqının qida sənayesində istifadəsinin hüquqi və elmi baxımdan təhlükəli olduğunu təsdiqləyib. FDA-nın bu qərarı istehlakçı hüquqlarını müdafiə edən təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Mütəxəssislər qida təhlükəsizliyinə potensial təhdid yaradan bu cür maddələrin tədricən aradan qaldırılmasını mühüm addım kimi dəyərləndirirlər. Qeyd edək ki, bu məsələ ilə bağlı mübarizə uzun illərdir davam edirdi. 2022-ci ildə 24 qeyri-kommersiya təşkilatının qida rənginin qadağan edilməsi üçün FDA-ya təqdim etdiyi petisiya rəsmi olaraq qəbul olunub və qərarın hüquqi əsasını təşkil edib. Bu addım ABŞ-də qida təhlükəsizliyinə və istehlakçı sağlamlığına verilən dəyərin növbəti göstəricisi kimi qiymətləndirilir. Səhiyyə təşkilatları isə bu qərarın daha geniş qida boyalarının təhlükəsizliyinə dair müzakirələrə yol açacağına ümid edir.
Elmi adı “FD & C Red No. 3” olan maddə nədir? Bu, suda həll olan toz şəklində boyadır. O, eritrosin olaraq da tanınır. FD&C Red No.3 tozu qida sənayesində, dərman və kosmetik vasitələrin istehsalında istifadə edilir. Eritrosin şəkərli qidaların və şəkərləmələr kimi şirniyyat növlərinin də istehsalına istifadə edilir. Tortların, pirojnaların üzərini bəzəyən bəzək jellərinin tərkibində bu maddə var. Maddədən şirniyyatların bəzədilməsi və rəng verilməsi üçün də daha geniş istifadə edilir. 
Xatırladaq ki, bir müddət öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi istehlakçıları tərkibində şəkər olan qida məhsullarını alarkən diqqətli olmağa və həmin məhsulların etiket məlumatlarına nəzər yetirməyə çağırmışdı. AQTA-nın məlumatında qeyd olunurdu ki, istehlakçılar tərkibində şəkər olan qida məhsullarını alarkən üzərindəki etiket məlumatlarını nəzərdən keçirməlidirlər. Bu zaman ilk növbədə məhsulların tərkibindəki şəkərin miqdarına diqqət yetirilməlidir. Yadda saxlamaq lazımdır ki, etiketin üzərindəki miqdar məhsulun hər 100 mq və ya 100 ml-dəki miqdarı göstərir. Bunu nəzərə alaraq, istehlakçılar həmin qidadan qəbul edəcəkləri miqdara uyğun şəkər istehlakını hesablaya bilərlər. Həmçinin məhsulların tərkibindəki inqrediyentlərə də diqqət etməlidirlər. Əgər inqrediyent siyahının əvvəlindədirsə, deməli, onun məhsulda miqdarı digər inqridiyentlərə nisbətən daha çoxdur. Bəzən məhsulların üzərində şəkər sözü yazılmaya bilər, lakin əvəzində qlükoza, fruktoza, dekstroza, maltoza, sirop yazıla bilər. Bunlar da şəkərin növləridir. Bundan əlavə, eyni növ qida məhsullarını müqayisə edərək tərkibində daha az şəkər olanı almaq tövsiyə edilir. Şəkərin normadan artıq istehlak edilməsi insan orqanizmində piylənmə, diş çürüməsi, 2-ci tip diabet, ürək xəstəlikləri, ateroskleroz yaradır, bəzi xərçəng xəstəlikləri riskini artırır. Mövcud təhlükələr nəzərə alınaraq, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən böyüklər və uşaqlar üçün gündəlik sərbəst şəkər qəbulunun təxminən 25 qrama (6 çay qaşığı) qədər azaldılması tövsiyə olunur. Bu miqdar tək şəkər tozuna, qəndə deyil, həm də qidaların tərkibindəki şəkərə aid edilir.

 
Qida mütəxəssisi Ağa Salamov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, şirniyyatların tərkibində zərərli kimyəvi maddələr, müxtəlif rəngləndirici və dadlandırıcılar olması sirr deyil. Bunlar, o cümlədən də haqqında danışılan “Qırmızı No.3” adlı toz şəklində olan sintetik boya orqanizm üçün real təhlükə mənbəyidir: 

- Qidaların tərkibindəki zərərli kimyəvi maddələrin orqanizmdə xərçəng riskini artırdığı məlumdur. Bu, dəfələrlə deyilib, mütəxəssislər tərəfindən izahı verilib. İstehlakçı bundan necə qoruna bilər? Əlbəttə ki, şəkərli qidaları mümkün qədər az istehlak etməklə və təbii şəkərə üstünlük verməklə. Şəkər, qlükoza boş karbohidratdır. Bunlar qanda triqlisidlerə (triqlyceride) - pis xolesterinə çevrilir. Bu da ürək, qan damar sistemi pozuntularına gətirib çıxarır, damarlarda tıxanıqlığı, şəkərli diabet, insult riskini artırır, qara ciyərdə piylənməyə səbəb olur. Burada söhbət rafinə olunmuş şəkərdən gedir. Rafinə olunmuş şəkər isə “ağ ölüm”, “ağ zəhər”dir. Rafinə olunmuş un məmulatları da eynilə bu cürdür. Rafinə olunmuş ağ un da şəkərdən geri qalmır.  Həmçinin rəngli, qazlı içkilər də eyni dərəcədə sağlamlıq üçün təhlükədir. Ona görə də istehlakçı gün ərzində nə qədər şəkər istehlak etdiyini bilməlidir. İstehlakçılar maarifləndirilməlidir ki, 100 ml. məhsulda nə qədər şəkər var. Deyək ki, istehlakçı 1 ədəd enerji içkisi qəbul edirsə, o, nə qədər boş karbohidrat – rafinə olunmuş şəkər qəbul etmiş olur.  AQTA bu məlumatı yaymaqla ÜST-nin xəbərdarlığına əsaslanır, lakin ÜST xəbərdarlıq etməzdən öncə də mütəxəssislər rafinə olunmuş şəkər və unun insan orqanizmi üçün nə dərəcədə təhlükə daşıdığını dəfələrlə bəyan ediblər. Məhsulun tərkibindəki digər inqridiyentlərlə yanaşı, şəkərin miqdarının da etiketdə göstərilməsi vacibdir ki, istehlakçı nə qədər şəkər istehlak etdiyini bilsin. İstehlakçı bilməlidir ki, bu, rafinə olunmuş şəkərdir, boş karbohidratdır, heç bir vitamin, mineral ehtiva etmir, amma orqanizmə böyük ziyan vurur. 
A.Salamov qeyd etdi ki, rafinə olunmuş şəkər təbii şəkərlə əvəz edilməlidir: 
- Bizim xalqa məxsus, milli mətbəximizdə, məişətimizdə yer alan təbii şəkərlər var. Məsələn, darçın, təbii bal, bəhməz (doşab), meyvə və meyvə qaxacları... Nənələrimiz, analarımız bu məhsullardan daim geniş istifadə edib, şirniyyatların, xörəklərin hazırlanmasında. Təəssüf ki, illər keçdikcə xeyirli ənənələr unudulur, sıradan çıxır, onların yerini qida sənayesində istifadə olunan kimyəvi qatqılar tutur.