Aynaya baxa bilməz hala gəldi - 2 uşaq anasının həyatı kabusa çevrildi

Elazığda özəl qayğı mərkəzində işləyən iki uşaq anası 41 yaşlı Aysun Alpsoyun burnu 4 il əvvəl xəstələrdən birinin qəfil refleksi nəticəsində sınıb.

Sherg.az xəbər verir ki, sağalmaq üçün əməliyyat olunan qadının həyatı sonrakı müdaxilələrdən sonra kabusa çevrilib.

İddiaya görə, 4 il ərzində keçirilən 4 əməliyyata baxmayaraq, Alpsoyun burnunda cırıq, yanıq izi və deformasiya yaranıb. O, həkimdən şikayət edərək məsələni məhkəməyə çıxarıb.

Alpsoy bildirib ki, insanlarla danışarkən utandığı üçün üzünü çevirmək məcburiyyətində qalır:

“Burnum sındıqdan sonra həkimə getdim. Burnumu 4 dəfə əməliyyat etdi, amma heç bir nəticə əldə edə bilmədik. Hər dəfə fərqli burun ortaya çıxdı. Son əməliyyata qədər burnumda qığırdaq əriməsi baş verdi və burnum sanki ölmüşdü. Daha sonra yenidən əməliyyat olundum. Ertəsi gün həkim burnumdakı sarğını açanda burnumun bir tərəfi başqa, digər tərəfi başqa vəziyyətdə idi. Eyni zamanda burnumun üstü yanmışdı. Burnumdakı yanıq ömürlük qalacaq. Burnumda yanıq, tikiş var, üstəlik altında necə yarandığını bilmədiyim cırıq da var”.

Alpsoy həkimə başqa yerdə əməliyyat olunmaq istədiyini bildirdiyini, lakin onunla razılaşmadığını deyib:

“‘Pulumu qaytarın, başqa yerdə əməliyyat olum" dedim, amma qəbul etmədi, özü edəcəyini söylədi. İlk əməliyyatda bir tam qızıl, ikinci əməliyyatda yenə qızıl, üçüncü əməliyyatda 7 min lirə, sonuncuda isə 23-25 min lirə ödədim”.

Alpsoy əməliyyatların psixologiyasına da ciddi təsir etdiyini bildirib:

“Biri üzümə baxanda utanıb üzümü çevirirəm, danışmaq istəmirəm. Özümü çox pis hiss edirəm. Mən həqiqətən həyatdan qopmuşam. Həkimə güvənsəydim, yenidən yanına gedib burnumu düzəltməsini və həyatıma qayıtmağımı istəyərdim. Amma artıq ona güvənmirəm. Bilirəm ki, yenə bacarmayacaq”.

Alpsoy burnunun tam sınıq deyil, çat olduğunu və ilkin olaraq həkimə bu səbəbdən müraciət etdiyini də qeyd edib.

Alpsoy 4 dəfə eyni həkimə müraciət etməsinin səbəbini digər həkimlərin əvvəlki müdaxilənin necə aparıldığını bilmədikləri üçün əməliyyatı qəbul etməmələri ilə izah edib.

O bildirib ki, üç əməliyyat həkimin öz klinikasında lokal anesteziya ilə həyata keçirilib. Vəkilinin həkimin razılaşma təklifini qəbul etmədiyini bildirməsindən sonra isə məhkəməyə müraciət edib:

“Media qarşısına çıxmaq istəmirdim. "Nə qədər pul ödəməliyəmsə, verin, burnumu düzəltdirim, hər iki tərəf rahat olsun" dedim. Amma bunu da qəbul etmədikləri üçün məhkəməyə müraciət etdim”.