Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı

“Nature” jurnalında yayımlanan araşdırmada alimlər kəllə sümüyünün daxilində beyinə xas immun reaksiyalarda rol oynayan yeni limfoid strukturlar aşkar ediblər.

Sherg.az xəbər verir ki, ABŞ-ın Vaşinqton Universitetinin alimlərinin apardığı tədqiqatda bu strukturlar hələlik yalnız siçanlarda müəyyən edilib. Lakin onların insanlarda da mövcud ola biləcəyinə dair göstəricilər əldə olunub.

Tədqiqatçılar bildirirlər ki, bu strukturlar immun hüceyrələrinin kəllə daxilində “təlim keçməsi” və çoxalmasına şərait yaradır. Siçanlar üzərində aparılan təcrübələrdə strukturların aktivliyinin artırılması beyin şişlərinə qarşı immun reaksiyanı gücləndirib və heyvanların sağqalma göstəricilərini yüksəldib.

Alimlərin fikrincə, bu mexanizmin insanlarda da təsdiqlənməsi gələcəkdə beyin xərçənginin müalicəsi üçün daha az invaziv yanaşmaların hazırlanmasına imkan verə bilər.

Tədqiqat müəllifləri yeni kəşfin Alzheimer, Parkinson və digər nevroloji xəstəliklərin müalicəsi ilə bağlı araşdırmalara da təsir göstərə biləcəyini bildirirlər.