Gözəllik yuxusu həqiqətən var!

  • Yuxu zamanı orqanizmdə baş verən 10 mühüm proses

Yuxu sadəcə dincəlmək deyil, orqanizmin özünü bərpa etdiyi ən aktiv proseslərdən biridir.

Sherg.az xəbər verir ki, mütəxəssis Prof. Dr. Ceyda Erel Kırışoğlunun sözlərinə görə, keyfiyyətsiz və kifayət qədər olmayan yuxu beyindən immun sisteminə, ürəkdən hormonlara qədər bir çox mühüm funksiyaya mənfi təsir göstərə bilər.

Yuxu zamanı orqanizmdə baş verən 10 mühüm proses:

1. Beyin gün ərzində toplanan tullantıları təmizləyir

Yuxu zamanı beyin metabolik tullantılardan təmizlənir, öyrənilən məlumatlar yaddaşa yerləşdirilir. Uzunmüddətli yuxusuzluq bəzi nevroloji xəstəliklərin riskini artırır.

2. Ürək dincəlir

Sağlam yuxu zamanı ürək döyüntüləri və qan təzyiqi azalır. Yuxusuzluq isə yüksək təzyiq, ritm pozğunluğu, infarkt və insult riskini artıra bilər.

3. İmmunitet sistemi güclənir

Orqanizm infeksiyalarla mübarizə aparan müdafiə hüceyrələrini yuxu zamanı hazırlayır. Yuxu çatışmazlığı immun müdafiəni zəiflədə və vaksinlərin qoruyucu təsirini azaldır.

4. Orqanizm zədələnmiş hüceyrələri bərpa edir

Yuxu zamanı hüceyrələrin bərpası və melatonin ifrazı sürətlənir. Xüsusilə gecə növbəsində çalışanlarda bioloji ritmin pozulmasının bəzi xərçəng növləri ilə əlaqəli olduğu qeyd edilir.

5. Bağırsaq mikrobiotası da yuxudan təsirlənir

Yuxusuzluq bağırsaqlardakı bioloji ritmi poza, reflü, köp və həzm problemlərini artıra bilər.

6. İştaha və qan şəkəri tənzimlənir

Az yatdıqda insan daha çox şirniyyat və xəmir yeməkləri istəyə bilər. Yuxusuzluq aclıq və toxluq hormonlarının balansını poza və diabet riskini artıra bilər.

7. Böyrəklər gecə də işləyir

Yuxu zamanı böyrəklər orqanizmdə su və mineral balansını tənzimləyir. Keyfiyyətli yuxu böyrəklərin normal fəaliyyətinə kömək edir.

8. Reproduktiv sistem də yuxudan asılıdır.

Uzunmüddətli yuxusuzluq kişilərdə sperma keyfiyyətinə, qadınlarda isə menstrual sikl və yumurtlamaya mənfi təsir göstərə bilər.

9. Əhval-ruhiyyə formalaşır

Yuxu zamanı beyin gün ərzində yaşanan hadisələri emal edir və emosional yükü azaldır. Yuxu çatışmazlığı əsəbilik, narahatlıq və depressiya riskini artıra bilər.

10. Gözəllik yuxusu həqiqətən var

Gecə saatlarında dəridə qan dövranı artır, kollagen istehsalı sürətlənir və gün ərzində yaranan zədələr bərpa olunur. Buna görə də keyfiyyətli yuxu dərinin daha canlı görünməsinə kömək edir. Xroniki yuxusuzluq isə dərinin matlaşmasına və qırışların daha erkən yaranmasına səbəb ola bilər.

Yuxu sadəcə istirahət deyil

Mütəxəssis vurğulayır ki, sağlam yuxu uzun və sağlam ömür üçün əsas amillərdən biridir. Keyfiyyətli yuxu beynin, immun sisteminin və digər orqanların bərpa proseslərinin normal işləməsinə imkan verir.