Türkiyədə sosial sığortalı işləməyə başladıqdan sonra dünyaya gələn üç uşaq üçün ümumilikdə 6 ilə qədər doğum borclanması etmək mümkündür.
Sherg.az xəbər verir ki, bununla bağlı əmək və sosial təminat üzrə ekspert Əhməd Kıvanç məlumat verib.
Onun sözlərinə görə, hər uşaq üçün avtomatik olaraq 2 il borclanma hüququ verilmir. Doğum borclanması yalnız uşağın doğulduğu gündən 2 yaşı tamam olana qədər ananın işləmədiyi günlər üçün hesablanır. Bu səbəbdən üç uşağı olan hər qadın 6 il borclanma hüququ əldə etmir.
Ekspert bildirib ki, staj sığortası olan qadınlar müəyyən hallarda doğum borclanması vasitəsilə sığorta başlanğıc tarixini daha erkən tarixə çəkə bilirlər. Lakin bu imkan bütün sığorta kateqoriyalarına şamil edilmir.
Kıvanç əlavə edib ki, dul və yetim aylığının təyin edilməsi üçün tələb olunan sığorta müddəti də şəxsin işlədiyi sığorta statusundan asılı olaraq dəyişir. Buna görə vətəndaşların öz sığorta vəziyyətini əvvəlcədən dəqiqləşdirmələri tövsiyə olunur.