Yay tətili zamanı uzunmüddətli avtomobil, avtobus və ya təyyarə səfərlərində hərəkətsiz qalmaq damar daxilində qan laxtasının (trombun) yaranma riskini artıra bilər.
Sherg.az xəbər verir ki, bu barədə ürək-damar cərrahı, professor Erol Kurç xəbərdarlıq edib.
Onun sözlərinə görə, uzun müddət eyni vəziyyətdə oturmaq ayaqlarda qan dövranını zəiflədir və xüsusilə yaşlılar, piylənmədən əziyyət çəkənlər, siqaret çəkənlər, hamilələr, doğum nəzarət həblərindən istifadə edənlər, xərçəng müalicəsi alanlar, son dövrdə əməliyyat keçirənlər və əvvəllər tromb diaqnozu qoyulan şəxslər üçün riski artırır.
Professor bildirib ki, dərin ven trombozunun əsas əlamətləri bir ayaqda şişkinlik, ağrı, gərginlik hissi, qızartı və istilik artımıdır. Laxta ağciyərə keçərsə, qəfil nəfəs darlığı, sinə ağrısı, ürəkdöyünmə, öskürək və huşun itməsi kimi həyati təhlükəli əlamətlər yarana bilər.
Mütəxəssis uzun səfərlər zamanı hər 1-2 saatdan bir hərəkət etməyi, kifayət qədər maye qəbul etməyi, rahat geyim seçməyi və risk qrupuna daxil olan şəxslərin səfərdən əvvəl həkim müayinəsindən keçməsini tövsiyə edib. O vurğulayıb ki, səfərdən sonra ayaqda birtərəfli şişkinlik, ağrı və ya nəfəs darlığı yaranarsa, dərhal həkimə müraciət edilməlidir.