Pediatr: Hamiləlikdə səhvlər övladın həyatını təhlükəyə atır

Uşaqların sağ qalması valideynlərin genetik seçimindən asılıdır
Ötən il Azərbaycanda 549 körpə ölü doğulub. Bu barədə “Azərbaycanda uşaqlar” adlı statistik məcmuədə bildirilib. Keçən il perinatal dövrdə (dölün bətndaxili həyatının 22-ci tam həftəsindən başlayır) ölənlərin sayı 1 319 döl təşkil edib.
Bundan başqa, həmin müddətdə 2 519 uşaq ölümü qeydə alınıb. Onlardan 1 449-u oğlan, 1070-i isə qızdır. 7 günədək ömür sürən körpə sayı 770-dir.
Həmçinin ölkədə ötən il üzrə 1 420 bir yaşadək körpə ölümü baş verib və bunun 751-i şəhər, 669-u isə kənd yerlərində qeydə alınıb. Beş yaşadək ölən uşaqların sayı 1 745 olub ki, bunun da 981-i oğlan, 764-ü qızdır.
Eyni zamanda ötən il Azərbaycanda 29 ana ölümü faktı qeydə alınıb. Bu göstərici hamiləlik, doğuş və zahılıq dövründə ölən anaları əhatə edib.
Məlumat üçün bildirək ki, 2023-cü ildə perinatal dövrdə ölənlərin sayı 1 837, körpə ölümü 2039, ana ölümlərinin sayı isə 33 olub.
Mütəxəssislərin fikrincə, ölkəmizdə qeydə alınan körpə ölümlərinin əsas səbəblərindən biri qohum evliliklərinin geniş yayılması olub.
Bu faktor ölümlə nəticələnən bir çox xəstəliklərə gətirib çıxara bilir. Digər səbəblər arasında ekoloji şərait, qidalanma, yanaşı xəstəliklər, getdikcə zəifləyən immunitetin adı hallanır ki, bunlar da nəinki bizdə, bütün ölkələrdə perinatal ölümə səbəb olan faktorlardır.
Pediatr Vaqif Qarayevin dediyinə görə, uşaq həyatının ilkin, perinatal dövrü var, həmin vaxt orqanda sistemlər lazımi olan səviyyədə işləyə bilmir, ən əsası xəstəliyə çox həssas və meyilli olurlar. O, Sherg.az-a açıqlamasında bildirib ki, 1 yaşadək uşaqlarda müqavimət aşağı olduğuna görə tənəffüs və mədə-bağırsaq sistemi həddindən artıq xəstəliyə meyilli olur. Ona görə də ölüm səbəbləri arasında bu iki sistemin xəstəlikləri birinci yeri bölüşür. Özü də təkcə Azərbaycanda deyil, bütün dünyada belədir: 
“1 yaşadək uşaq ölümlərinin səbəbləri arasında inkişaf qüsurları, deformasiyalar və xromosom pozuntuları da xüsusi  yer tutur. Ötən aydan ölkəmizdə qohum evlilikləri ilə bağlı qadağa qüvvəyə minib. Şəxsən mən bu qərardan çox sevindim və təqdir etdim. Ciddi təbabət də göstərir ki, qohum evliliklərindən xəstə uşaqlar dünyaya gəlir və biz buna ətrafımızda tez-tez rast gəlirik. Bəzən müşahidə edirik ki, ailədə olan bütün uşaqlar intellektual baxımdan geri qalır, psixoloji vəziyyətində problemlər var. Və yaxud elə ailələr var ki, qohum evliliyin nəticəsi kimi konkret irsi xəstəliyindən əziyyət çəkir. Əlbəttə, təbabət heç vaxt qadağan edə bilməz ki, yaxın qohumlar evlənməsin, lakin bu cür evliliklərin fəsadlarını ortaya qoyur. Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçirlər. Lakin hesab edirəm ki, evlənməyə hazırlaşan cütlüklər həm də genetik müayinədən də keçsinlər. Doğrudur, bu müayinə bahadır, amma dünyaya sağlam övlad gətirmək üçün zəruridir. Genetik xəstəliklər ucbatından uşağın qüsurlu, əlil doğulması da valideyn üçün ömür boyu əzablı olur. Mədə-bağırsaq və bu kimi xəstəlikləri aradan qaldırmaq olur, amma genetik xəstəliklərin öhdəsindən gəlmək mümkün deyil. Çünki bu, genetikadır, onu da dəyişmək olmur”.
Ginekoloq Təranə Həsənova isə bətndaxili və doğuş zamanı qeydə alınan ölüm hallarından danışıb. Onun sözlərinə görə, 9 ay qadının səhhətində yaranan problemlər doğuş zamanı körpənin ölməsinə gətirib çıxara bilər:
 “Hamiləlik vaxtı ananın yoluxduğu infeksiyalar olur. Günümüzdə infeksion xəstəliklərin sayı artıb. Bundan başqa xroniki xəstəliklər hamiləlik vaxtı aktivləşir və dölə öz mənfi təsirini göstərir. Qadındakı bəzi xəstəliklər hamiləlik vaxtı həkim tərəfindən müəyyən edilib müalicə edilə bilir. Bəzi xəstəliklər, infeksiyaları isə aşkar etmək olmur. Bu zaman dölün bətndaxili inkişafına təsir edir, inkişafda ləngimələr yaranır, doğuş vaxtı isə ölüm halı baş verə bilir. Ölüm vaxtı bətndaxili də ola bilər, doğuş zamanı da, doğuşdan bir müddət sonra da. Uşaq ölümlərinin hər üç halı bir-biri ilə sıx əlaqəlidir”.
Həkimin sözlərinə görə, bütün dünyada ana ölümünə səbəb olacaq amillərdən birincisi, qanaxmalardır: “Siyahıda daha sonra hipertenziv vəziyyət və mamalıq xəstəlikləri gəlir. Çox ehtimal, Azərbaycanda da ana ölümlərinə səbəb bunlardır.
İnsanların hamiləlik müddətinə etinadsız yanaşması ən böyük nöqsanlardan biridir. hamilə qadınların böyük qismi uçotda durmağı lazımlı hesab etmirlər. Lakin uçot daimi həkim nəzarəti deməkdir. Onlar gərəkli anda hansısa analiz verib 1-2 dəfə ultrasəs müayinəsinə gedirlər. Hesab edirlər ki, bu qədər kifayətdir. Sağlamlığımız bizdən öncəki nəslin sağlamlığı ilə müqayisə olunmayacaq dərəcədə zəifləyib. Ona görə də hamilə qadın həmin müddətdə ciddi şəkildə müayinələrdən keçməlidir. Həmçinin, həkimlər doğuş zamanı həssas və diqqətli olmalıdırlar".