Tədris ili başlamazdan əvvəl uşağın sağlamlığını yoxlatdırmaq tövsiyə olunur.
Tətil başa çatdıqdan sonra uşağı məktəbə hazırlamaq üçün onun yuxu və oyaqlıq rejimini əvvəlcədən, tədricən qaydaya salmaq daha məqsədəuyğundur.
Sherg.az xəbər verir ki, Moskvanın baş pediatrı, professor İsmayıl Osmanov bildirib ki, rejimin dəyişdirilməsinə sentyabrın 1-dən 10-14 gün əvvəl başlamaq məsləhətdir. Bu barədə "aif.ru" yazır.
“Adətən bu müddət gündəlik rejimdə kəskin dəyişiklik etmədən əvvəlki qaydaya qayıtmaq üçün kifayətdir. Lakin 7 gün ərzində də müəyyən nəticə əldə etmək mümkündür”, – deyə həkim bildirib.
Həkim hər iki gündən bir uşağın oyanma vaxtını 15-30 dəqiqə erkənə çəkməyi, eyni zamanda axşam yeməyini, axşam məşğələlərini və yatmaq vaxtını daha erkən saata keçirməyi tövsiyə edib.
6-12 yaşlı uşaqların 9-12 saat, yeniyetmələrin isə 8-10 saat yatması tələb olunur. Yatmazdan bir saat əvvəl elektron cihazlardan və aktiv oyunlardan uzaq durmaq, səhərlər isə pərdələri açmaq, yüngül hərəkətlər etmək və sakit şəkildə səhər yeməyi yemək məsləhətdir.
Tədris ili başlamazdan əvvəl uşağın sağlamlığını yoxlatdırmaq və məktəb ləvazimatlarını hazırlamaq da vacibdir. Ötənilki bütün dərs proqramını təcili şəkildə təkrarlamağa ehtiyac yoxdur. Gündəlik 15-20 dəqiqə kitab oxumaq, hesablama aparmaq və ya əl ilə yazmaq kifayətdir.
Daha əvvəl müəllim Aleksandr Sneqorov uşağın tətildən sonra məktəbə daha tez uyğunlaşmasına necə kömək etməyin yollarından danışıb. O, dərsə köklənməyin üsullarından biri kimi məktəbin yaxınlığında gəzməyi qeyd edib.