İcbari Tibbi Sığorta uğurludur, amma növbə sistemi ilə sınanır
“Qanun" nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu İcbari Tibbi Sığorta Sisteminin fəaliyyətini sərt tənqid edib. Naşir sosial media paylaşımında bildirib ki, İcbari sığorta xidmətindən faydalanmaq üçün yolunu Bakı Sağlamlıq Mərkəzindən salıb: “Orada bildirdilər ki, rentgen xidməti sığorta tərəfindən qarşılanmır. “Yaxşı olar ki, siz Travmatologiya Xəstəxanasına gedəsiniz”
Travmatologiya xəstəxanasının həyətində və binanın içindəki camaatı görəndə adama elə gəlir ki, ölkədə sınığı və sınan yeri olmayan kimsə yoxdur. Sızıltı, inilti, qışqırıq, əsəb, gərginlik… ən çox da uşaqların ürəkparçalayan fəryadları.
Uzun növbədən sonra birinci mərtəbədə sənə nömrə verirlər. O nömrə ilə şöbə müdirinə gedirsən. Şöbə müdiri həkimin adı və otaq nömrəsi yazılmış bir parça kağız verir. “Amma ikinci mərtəbədəki qeydiyyatdan da nömrə al” – deyir. İkinci mərtəbədə daha da uzun növbə. Nömrə alıb 210-cu otağa gedirik. Qapının ağzında çoxlu adam var. Mən öz nömrəmi deyib soruşuram: “Bu nömrədən əvvəl kim var?” Kimsə kənardan deyir: “O nömrə işləmir, içəridə kim varsa çıxanda bir-bir girəcəyik”.
Bir müddət gözləyirəm, səbrim daralır. Qapını açıb içəri keçirəm. İçəridə üç həkim kefləri kök nəsə danışırlar. Dəhlizdə o qədər pasiyent olduğu halda onlardan heç biri çağırmır.
Həkim bizə rentgen yazdı. Rentgenə də nömrə aldıq. Bu zaman gənc bir oğlan yaxınlaşıb dedi: “20 manat versəniz, sizi növbədənkənar rentgenə sala bilərik”.
Rentgenin cavabı ilə yenidən 210-cu otağa qayıtdıq. Həkimin qanı qaraydı. Dedi: “Müalicə bərpa üçün deyil, çalışmayın, biz sadəcə ağrını kəsə bilirik”. Sonra məsləhət gördü ki, MRT-yə gedək. Bunun üçün 212-ci otaqdan nömrə almalıyıq.
Nəhayət, 212-ci otaq: “Biz bu sənədləri göndəririk təsdiqə, cavab nə vaxt gələr, bilmirik. Yaxşı olar ki, üçdən sonra əlaqə saxlayasınız”. MRT növbəsinin necə olacağı isə artıq başqa bir hekayədir…
Beləliklə, bugünkü icbari sığorta ilə təcrübəmin qısa xülasəsi budur:
Uzun növbələr, yorucu prosedurlar, qeyri-effektiv sistem və insanların əzabı, qısası “gedin ölün!””.
Professor Adil Qeybulla Sherg.az-a bildirib ki, Azərbaycanda İcbari Tibbi Sığorta bir neçə il öncə tətbiq olunsa da, artıq xeyli uğurlar əldə edilib. Randevu sisteminin qurulmasında müəyyən problemlərin olmasına baxmayaraq, nəticəyə əsasən bir çox vətəndaşımız bundan fayda görür. Xüsusilə də ürək-damar, neyrocərrahi əməliyyatı kimi həm bahalı, həm də mürəkkəb əməliyyatlardan xəstələr pul ödəmədən dövlət hesabına istifadə edirlər:

“Hər bir həkimə icbari tibbi sığorta üzrə xəstəyə baxması üçün zaman standartları verilir. Bu, dünya təcrübəsində də belədir. Lakin bu qayda xəstələrin kütləvi axını səbəbindən əksər yerlərdə pozulur. Həkimin birdən-birə onlarla pasiyentə baxma imkanı yoxdur. Bu heç fiziki baxımdan da mümkün deyil. Vətəndaşlar da bunu nəzərə almalıdırlar. Xəstəyə bir həftə sonra müayinə təyin etdikdə o dəqiqə narazılığını ifadə edir. Halbuki, dünyanın başqa ölkələrində xəstə qəbul üçün aylarla gözləməli olur. Hesab edirəm ki, randevu sistemini düzgün qurmaq lazımdır. Həkimin iş saatı standart olaraq qurulur. Ancaq hər həkim normativdən artıq işləyir. Ümumiyyətlə, söhbət təkcə pasiyentə baxılmasından getmir, bununla yetərincə onlara diqqət edilməsi, doğru diaqnoz qoyulması çox vacibdir. İstənilən halda növbə sistemi gözlənilməlidir. Bu sistem olmasa, icbari tibbi sığorta normal fəaliyyət göstərə bilməz”.