Yunanıstanda Qərbi Nil virusuna yoluxma halları artmaqda davam edir. Ölkədə bu ilin əvvəlindən indiyədək 65 yoluxma qeydə alınıb, 65 yaşdan yuxarı 6 nəfər isə virus səbəbindən həyatını itirib. Səhiyyə orqanları yeni yoluxma hallarını yaxından izləyir.
Sherg.az xəbər verir ki, Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatının (EODY) rəhbəri Teodoros Vasilakopulos dövlət televiziyası ERT-yə açıqlamasında bildirib ki, yoluxmalar əsasən paytaxt Afinanın da daxil olduğu Attika bölgəsinin cənub və şərq hissələrində müşahidə edilir.
Virus ağcaqanadlar vasitəsilə yayılır
Vasilakopulosun sözlərinə görə, Qərbi Nil virusu adi ağcaqanadlar vasitəsilə ötürülür və yoluxan insanların böyük əksəriyyətində heç bir əlamət müşahidə olunmur.
O qeyd edib ki, yoluxanların təxminən 20 faizində yüngül qızdırmalı xəstəlik əlamətləri yaranır. Xəstələrin 1 faizindən azında isə ensefalit və meningit kimi mərkəzi sinir sisteminin ağır xəstəlikləri inkişaf edə bilər.
EODY-nin məlumatına əsasən, bu ilin əvvəlindən avqustun 5-dək ölkədə 65 yoluxma faktı qeydə alınıb. Virus səbəbindən həyatını itirənlərin hamısı 65 yaşdan yuxarı şəxslərdir.
Ötən illə müqayisədə artım var
Məlumat üçün bildirək ki, ötən ilin avqust ayınadək Yunanıstanda 35 Qərbi Nil virusu yoluxması qeydə alınmışdı. 2025-ci il ərzində isə ümumilikdə 96 yoluxma aşkarlanmış, virus səbəbindən 10 nəfər həyatını itirmişdi. Bu göstəricilər cari ildə yoluxma hallarının ötən ilin eyni dövrü ilə müqayisədə artdığını göstərir.