Şagirdlər üçün yeni sistem: Psixoloji risklər məktəbdəcə müəyyən ediləcək

Türkiyədə məktəblərdə şagirdlərin psixi sağlamlığının qiymətləndirilməsi məqsədilə yeni risk tarama proqramı tətbiq olunacaq.

Sherg.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin Xalq Sağlamlığı Baş İdarəsinin rəisi Ərdoğan Öz məlumat verib.

Onun sözlərinə görə, 4, 7, 9 və 11-ci siniflərdə şagirdlər, valideynlər və müəllimlər arasında anket əsaslı risk qiymətləndirilməsi aparılacaq. Araşdırma zamanı ümumi psixi sağlamlıq, qəzəbə nəzarət, impulsiv davranışlar, asılılıq, məktəb zorakılığı, özünə zərər vermə və istismar riskləri qiymətləndiriləcək.

Əldə olunan nəticələrə əsasən, risk səviyyəsi müəyyən ediləcək və ehtiyac yaranacağı təqdirdə şagirdlər sağlam həyat mərkəzlərinə, ailə həkiminə və ya xəstəxanaya yönləndiriləcək. Yüksək risk aşkarlanarsa, uşaq və yeniyetmə psixiatrına müraciət təmin olunacaq.

Layihənin Türkiyə Milli Təhsil Nazirliyi ilə birgə həyata keçirilməsi nəzərdə tutulur.