Toylarda zəhərlənmələr: “Mayonezli salatlar, toyuq və balıq ən riskli qidalardır” - Ekspert

  • Soyuducu çatışmır, qidalar saatlarla isti havada qalır

İsmayıllı rayonunun Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil olunmuş toy məclisində iştirak edənlərdən br çoxunun səhhətində problem yaranıb. Halı pisləşən şəxslər Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb, onlara zəruri tibbi xidmət göstərilib. TƏBİB-in məlumatında bildirilir ki, zəhərlənmə ehtimalı ilə 31 nəfər – 23 qadın, 8 kişi xəstəxanaya yerləşdirilib. Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyətləri qənaətbəxş qiymətləndirilib. Onlar ambulator müalicə üçün evə buraxılıblar. 

Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb. Agentliyin yaydığı məlumatda qeyd olunur ki, hadisə İsmayıllı rayonu, Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində baş verib. Qonaqlara təqdim olunan yeməklərdən Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Araşdırmaların nəticələrinə uyğun tədbirlər görüləcək.

Qida məsələləri üzrə ekspert Ağa Salamov Sherg.az-a bildirdi ki, toy mərasimlərində kütləvi zəhərlənmələr daha çox riskli qidaların otaq temperaturunda saatlarla qalması, düzgün saxlanılmaması və sanitar-gigiyena qaydalarına əməl olunmaması səbəbindən baş verir: 

- Hazıda yay mövsümüdür, havalar isti keçir, qidalar zatən tez xarab olmağa meyllidir. Bir tərəfdən də açıq havada məclis qururlar, qidalar isti havanın təsirinə, günəş şüalarına məruz qalır, üzərinə toz qonur, bioloji çirklənmə baş verə, zərərli mikroorqanizmlər qidaya düşə bilər. Çox diqqətli və ehtiyatlı olmaq lazımdır. Mayonezli salatlar riskli qidalardır. Salatlar da bütün toylarda masaya düzülür. Bəlkə də axşamdan hazırlanır, harada, necə, hansı şəraitdə saxlanır, soyuducuya qoyulurmu, soyuducunun hansı temperaturda olmasını bilirlərmi? Kim bunlara diqqət edir, əməl edir, çox az insan. Toyuq əti, qril, ət, balıq və balıq məmulatları, bunların hamısı təhlükəli qidalardır. Temperatur rejiminə əməl olunmursa, bioloji şirklənməyə məruz qalırlarsa əlbəttə, zəhərlənmə olacaq. Bu cür yeməklər uzun müddət otaq temperaturunda, eləcədə isti havada açıq halda qalmamalıdır. Qəlyanaltıları toy başlamazdan çox əvvəl masaya düzürlər, tərkibində dəyişiklik baş verir. Şadlıq evlərində də vəziyyət yaxşı deyil. Soyuducu çatışmazlığı olur. Böyük miqdarda ərzaq məhsulları alınır, amma onların soyuducu kameralarda lazımi şəraitdə saxlanılması üçün yer və ya imkanlar məhduddur. Mətbəxlərdə düzgün havalandırma sistemi olmur, qidanın emal prosesinin uzun çəkməsi də bakteriyaların çoxalmasına şərait yaradır.