- "Yenə məsələ gəlib dirənir milli tibb təhsilimizdə. Özümüzün təhsilimiz inkişaf etmədikcə belə olacaq. Heç kimi qınamaq olmaz"
Azərbaycan Dövlət Tibb Universitetində təhsil haqqlarının azaldığı bildirilir. Ali təhsilin maliyyə baxımından daha əlçatan olması məqsədilə təhsil haqları 500 ilə 1500 manat arasında aşağı salınıb. Ən bahalı fakültə - Müalicə işi fakültəsində təhsil haqqı 6500 manatdan 5000-ə, Stomatologiya – 6000-dən 4500-ə, Əczaçılıq 5000-dən 4500-ə, Fizioterapiya, İctimai səhiyyə, tibb bacısı (qardaşı) müvafiq olaraq 5000-dən 4500-ə endirilib.
Universitetin rəsmi açıqlamasına görə, ödənişli plan yerlərinin tənzimlənməsi və qiymətlərin endirilməsi dövlətin sosialyönümlü siyasətinin bir hissəsidir. Həmçinin dövlət sifarişi əsasında (pulsuz) oxuyan tələbələrin hər biri üçün dövlət büdcəsindən universitetə ixtisasdan asılı olaraq 6000–8000 manat vəsait ödənilir.
Həkim-pediatr Vaqif Qarayev isə hesab edir ki, yenilənmiş təhsil haqları da ailələr üçün böyük məbləğdir:
- Kənardan baxanda bu rəqəmlər böyük görünür, amma yenilənmiş təhsil haqqı da bir çox ailələr üçün çoxdur. Məsələn, müalicə işi fakültəsində oxuyanlar 6 ilə 30 000 - otuz min man ödəməlidir. Digər xərcləri də bura əlavə etsək, orta statistik azərbaycanlı ailə üçün əlbəttə, çoxdur. Cəmi bir neçə bal əskikliyinə görə ödənişlə oxuyan xeyli tələbəmiz olub, yenə də olacaq. Onların əksəriyyəti savadlı uşaqlardı, bir çox hallarda ödənişsizlərdən yaxşı oxuyurlar. Təki bundan sonra diplomu götürüb xaricə qaçanların sayı azalsın.
V.Qarayev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Türkiyədə tibb təhsili alanlara uzman, bizdə isə rezidenturanı bitirənlərə mütəxəssis deyirlər:
- Uzman sözünə qısqanclıqla yanaşmaq düzgün deyil, çünki Türkiyədə tibbi təhsil bizimkindən üstündür, bunu danmaq olmaz. Amma bütün uzmanlar Hippokratdırmı? Yox. Bizim rezinturanı bitirənlərin hamısı kütdürmü? Yenə də yox. Sadəcə, bizim camaat kənarda təhsil alanlara üstünlük verir, bəzən haqlı olaraq. Sovet dövründə də Rusiyada təhsil alıb professor titulunu daşıyanlara Hippokrat kimi baxırdıq. Yenə məsələ gəlib dirənir milli tibb təhsilimizdə. Özümüzün təhsilimiz inkişaf etmədikcə belə olacaq. Heç kimi qınamaq olmaz.