Bəzi insanlar analarını, həyat yoldaşını və ya illərlə birgə işlədikləri həmkarlarını üz cizgilərinə görə tanıya bilmirlər. "Prosopaqnoziya" və ya "üz korluğu" adlanan bu nadir nevroloji pozuntu zamanı problem nə gözlərdə, nə də yaddaşdadır - beyin gördüyü üzü tanış insanla əlaqələndirməkdə çətinlik çəkir.
Sherg.az xəbər verir ki, prosopaqnoziyadan əziyyət çəkən insanlar ətrafdakıları normal görsələr də, həmin üzün kimə aid olduğunu müəyyənləşdirə bilmirlər. Bəzi ağır hallarda isə insan hətta güzgüdəki öz əksini də ilk baxışdan tanımır.

Bu səbəbdən onlar insanları səs tonu, danışıq tərzi, saç düzümü, yeriş, eynək və ya geyim kimi digər əlamətlərə əsasən ayırd etməyə çalışırlar. Lakin bu xüsusiyyətlər dəyişdikdə tanımaq daha da çətinləşir.
Mütəxəssislərin sözlərinə görə, prosopaqnoziya yaddaş pozuntusu deyil. İnsan qarşısındakı şəxsi tanıyır, sadəcə gördüyü üzü həmin insanla əlaqələndirə bilmir. Bu vəziyyət anadangəlmə ola bilər və ya insult, kəllə-beyin travması, eləcə də beynin müəyyən nahiyələrini zədələyən nevroloji xəstəliklərdən sonra yarana bilər.
Araşdırmalara əsasən, təxminən hər 50 nəfərdən biri müxtəlif dərəcədə üzləri tanımaqda çətinlik çəkir. Hazırda prosopaqnoziyanı tam aradan qaldıran müalicə üsulu yoxdur. Bununla belə, mütəxəssislər sonradan yaranan hallarda mütləq nevroloji müayinədən keçməyi tövsiyə edirlər.